Məhkəmə qərarları › İş №3(110)-346/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-346/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-346/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1991-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında saxlanılmış, müayinə edilməsi üçün ekspertizaya göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs izahatında və verilmiş suallara cavabında Kazım ilə birgə həmkəndliləri Sürəyya adlı qadının həyətində təxminən 10 gün çalışdıqlarını, boş vaxt tapan kimi dincəldiklərini və bu zaman narkotik vasitələrdən söhbət etdiklərini, Kazımın ona “nə narkotik olardı, çəkərdik” sözlərini dediyini, noyabr ayında öz qohumu Əliyev Nuhunun ona zəng edib, “gəlin mənim tövləmi suvayın” sözlərini dediyini, ona qısa zaman ərzində gəlib tövləsini suvayacağını dediyini, onun cavabında “gəl suva, istirahət edərik” sözlərini dediyini, onun sözlərindən narkotik nəzərdə tutduğunu anladığını, bundan sonra Kazım qısa vaxt ərzində ona narkotik vasitə təşkil edəcəyini dediyini, sonra Nuhuna zəng edəndə, onun hələ gəlməməyi bildirdiyini, ona “səndə hansından var?” sualını verəndə onun patı adlı maddənin olduğunu bildirdiyini, ona almaq istədiyini dediyini, Nuhunun isə 100 manat pul gətirməyi bildirdiyini, bu barədə Kazıma dediyini, ondan 50 manat istəyib üstünü özünün düzəldəcəyini dediyini, Kazımın 50 manat pul verdiyini və kimdən aldığını soruşduğunu, ona cavabında “əşi neyniyirsən e kimdən almışam, problem yoxdur” dediyini, Nuhunla görüşüb 1 büküm patı aldığını, sonra Kazıma zəng edib yaşadığı evə yaxınlaşmasını istədiyini, onun əlində lampa ilə gəldiyini, maddəni lampanı alt hissəsinə yığıb alışqan ilə qızdırdığını, həmin maddədən istifadə etdiklərini, 2 gün sonra Sürəyya adlı qadının həyətində çalışan zaman Kazımın yenə həmin maddədən istədiyini, 100 manat qarşılığında yenə Nuhundan 1 büküm patı alıb aralarında böldüyünü, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının onu Şərur RPİ-yə dəvət etdiklərini, 2 uşağı olduğunu, anasının l qrup əlil olduğunu, anası üçün baxım pulu aldığını, yoldaşı da xəstə olduğu üçün ona baxan olmadığını, özünün usta işlədiyini, ayda 1-2 min manat qazancı olduğunu, əməlindən peşman olduğunu, bir də bu cür əməllər etməyəcəyini, əvvəllər Nuhunla aralarında bu cür sövdələşmə olmadığını, Nuhunun narkotik vasitəni hardan aldığını bilmədiyini bildirib, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon Çomaxtur kənd sakinləri Şəxs və X1 narkotik vasitədən istifadə etmələri barədə məlumat daxil olduğunu, onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, daha sonra Naxçıvan şəhərində yerləşən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində qan analizi verdiyini, bu zaman onun narkotik vasitədən istifadə etməsinin müəyyən olunduğunu, buna görə də barəsində protokol tərtib olunduğunu, Nuhuna protokol tərtib olunanda bu şəxslərin analiz cavablarının hələ çıxmadığını bildirmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 92K nömrəli məhkəmə-kimyəvi rəydən görünür ki, Şəxs götürülmüş qanda metamfetamin aşkar olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq psixotrop vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində 2 uşağının olmasını, ailə və əmlak vəziyyətini və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar