Məhkəmə qərarları › İş №3(110)-350/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-350/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-350/2024 11.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1995-ci il tarixdə Şərur rayonu, Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu, Alışar kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 15:55 radələrində Şərur rayon Muğanlı kəndində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: xx.xx.2024-cü il tarixdə Muğanlı kəndində yerləşən bərbərxanaya getdiyini, oraya getmə səbəbinin oranın sahibi X5 ilə aralarında olan məsələni həll etmək olduğunu, Sadiqin, onun qohumu Şərur rayon Xanlıqlar kənd sakini X1 mobil telefon vasitəsilə zəng vurub narahat etdiyini, Aysunun ona bu barədə məlumat verdiyini və nömrə sahibini polisə verəcəyini dediyini, Aysuna onu polisə verməməyi, onunla özünün danışacağını bildirdiyini, Sadiqin kənd arasında ona borclu olmağı barədə məlumat yaydığını, Sadiqlə söhbət etmək üçün saç kəsmə növbəsində olan Muraddan Sadiqlə söhbət etmək üçün icazə verməyi xahiş etdiyini, bu zaman X4 stulda oturtduğunu və heç kimdən gizlininin olmadığını dediyini, Sadiqə borclu olmadığını, əksinə onun borclu olduğunu dediyini, Sadiqin onun cibinə pul qoymaq istədiyini, pul üçün deyil, onu polisə verməmək üçün gəldiyini dediyini, Sadiqin isə heç kimdən qorxusu olmadığını dediyini, Sadiqin onunla danışdığı üçün səhvən Bəxtiyarın bığını qırxdığını, Bəxtiyarın polisə zəng etdiyini görüb oradan uzaqlaşdığını, tutduğu əməldən çox peşman olduğunu bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə bərbərxanada müştərilərin saçını kəsdiyini, müştərilərin Murad, Bəxtiyar və Camal olduğunu, bu zaman Məhəmmədəlinin bərbərxanaya girərək səs-küy salıb onu hədələməyə başladığını, ona müştəriləri narahat etməməyi bildirdiyini, lakin onun sakitləşməyərək söyüş söyməyə başladığını, bu zaman Bəxtiyarın polisə zəng vuraraq şikayət etdiyini, sonra polis idarəsinə gəlib izahat verdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə saçını düzətdirmək üçün Muğanlı kəndində yerləşən bərbərxanaya getdiyini, stula əyləşib saçını yuduğunu, həmin vaxtı Məhəmmədəlinin içəri girib Sadiqlə danışmaq istədiyini bildirdiyini, Sadiqin cavabında müştəriləri olduğunu və danışmağa vaxtı olmadığını dediyini, Məhəmmədəlinin Sadiqə hamının içində danışmaq istəmədiyini dediyini, Sadiqin ona bərbərxanadan çıxıb getməyi bildirdiyini, yavaş-yavaş onların səsinin ucalmağa başladığını, onların mübahisə etdiyini, danışarkən Məhəmmədəlinin əlinin Sadiqin qoluna dəydiyini, Bəxtiyarın bığının yarısının kəsildiyini, Bəxtiyarın əsəbləşib ayağa qaldığını və polisə zəng etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə üz-başını təraş etdirmək üçün Muğanlı kəndində yerləşən bərbərxanaya getdiyini, həmin vaxtı Məhəmmədəlinin içəri girib Sadiqlə danışmaq istədiyini bildirdiyini, Sadiqlə mübahisə etməyə başladığını, Sadiqə qarşı nalayiq ifadələr işlətdiyini, sıranın ona çatdığını, Sadiq onun bığını qırxarkən Məhəmmədəlinin onu dartışdırmağa başladığını, Sadiqin səhvən onun bığının yarısını kəsdiyini, bu zaman əsəbləşib ayağa qaldığını və onları sakitləşdirməyə çalışdığını, lakin Məhəmmədəlinin onu da söyüb sinəsinə bir yumruq vurduğunu, bu zaman polisə zəng etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə saçını kəsdirmək üçün Muğanlı kəndində yerləşən bərbərxanaya getdiyini, bərbərxanaya daxil olduqda həmkəndlisi Bəxtiyarın saçını kəsdirmək üçün stula əyləşdiyini, Sadiqlə Məhəmmədəlinin isə mübahisə etdiyini, Məhəmmədəlinin Sadiqin ünvanına nalayiq ifadələr işlətdiyini, Məhəmmədəliyə buranın mübahisə yeri olmadığını və çıxıb getməyi bildirsələr də onun sakitləşmədiyini, Bəxtiyarın boynunda örtüklə bərbərxanadan çölə çıxıb kəndin sahə rəisinə zəng etmək istədiyini, Məhəmmədəlinin onun əlindən telefonu almağa çalışdığını, lakin ala bilmədikdə onun sinəsinə yumruqla vurduğunu və çıxıb getdiyini bildirdi. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar