Məhkəmə qərarları › İş №3(110)-351/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-351/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-351/2024 19.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, qərardan şikayət verən şəxs X4 və Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1960-cı ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şərur rayon Yengicə kənd Bələdiyyəsinin sədri, Şərur rayon Yengicə kəndində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 209-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X4 həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İXM-in 209-cu maddəsinin tələbini pozması əsası ilə onun barəsində protokol tərtib edildiyini, 400 manat məbləğində cərimə edildiyini, qərardan narazı olduğunu, həmin toprağın bələdiyyə ərazisinə aid olduğunu, həmin bitkilər aşkar edilən zaman özünün orda olmadığını, buna görə məlumatının olmadığını, onların tələbinin qanunsuz olduğunu bilidirərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Qərardan şikayət verən X4 izahatında və ona verilən suallara cavabında şikayət ərizəsində sadaladığı halları bir daha təsdiq etdiyini, yoxlanış aparılan yerin bələdiyyə ərazisi olduğunu, bununla bağlı arayışın da mövcud olduğunu, ərazinin böyük olduğunu, tam nəzarət etmə imkanına malik olmadığını, özünün bələdiyyə sədri olsa da əmək haqqı almadığını bildirib qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X3 izahatında və ona verilən suallara cavabında icraatda olan material üzrə araşdırma zamanı xx.xx.2024-cü il tarixdə Şərur rayon Yengicə kənd Bələdiyyəsi ərazisində narkotik tərkibli bitkilərin olduğunun aşkar edildiyini, ərazinin bələdiyyə torpağına aid olması ilə bağlı X2 imzası ilə təsdiq edilmiş arayışın olduğunu, buna görə onun barəsində protokol tərtib edildiyini protokol tərtib etdiklərini, şikayət edən şəxsin etirazların qərarın qanuniliyinə aidiyyəti olmadığını, qərarın qanuni olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şərur rayon Yengicə kəndində 208 ədəd yabanı şəkildə bitmiş çətənə kolunun bitdiyi ərazi Yengicə Bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsidir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 338 saylı ekspert rəyindən görünür ki, 208 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1 kq 400 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisidir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar çıxarılmışdır. X4 izahatında bələdiyyə torpağına baxış keçirilən zaman məlumatı olmadığını, ərazinin böyük olduğunu, tam nəzarət etmə imkanına malik olmadığını, özünün bələdiyyə sədri olsa da əmək haqqı almadığını bildirərək barəsində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş etmişdir. Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından aydın olur ki, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır və şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinə görə yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Göründüyü ki, şikayətçinin şikayətinin əsası kimi gətirdiyi dəlillər əməlin inzibati xəta olmasını aradan qaldırmır. Buna görə də şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, X2 İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət rədd edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə tənbeh olunmasına dair Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar