Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-37/2025 18.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, qəssab işləyir, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 18 fevral 2025-ci il tarixdə kənd mərkəzində olarkən qəssablıq fəaliyyəti ilə məşğul olduğundan kəsilmiş quzunun dərisini soyarkən həmkəndlisi Elməddin Kərimov onun quzu dərisi təmizlədiyi yerdə yanına gəldiyini və ətrafdakı həmkəndlilərlə birlikdə oturub birdən birə onunla söhbət etməyə başladığını, söhbət zamanı ona daha bir neçə gün öncə narkotest vasitəsilə müayinə olunmaq üçün polis idarəsinə gəlməyini danışdığını, "görürsən biz polis idarəsində adamın səsini başına atdırarıq" sözlərini dediyini, o da ona onu polis idarəsinə dəvət etdiklərini, yoxlanıldığını, çıxıb gəldiyini, polis idarəsində olan zaman heç kim ona güldən ağır söz demədiyini bildirdiyini, sən nəyin söhbətini edirsən deyəndə ona və onun ailəsinə ünvanlı nalayiq ifadələr işlətməyə başladığını, oda həmin vaxtı nalayiq ifadələrə görə əsəbləşib onun sifət nahiyyəsinə sillə ilə vurduğunu, daha sonra yaxasından tutduğundan onun yaxasından tutduğunu, ətrafda və yaxınlardakı həmkəndliləri mübahisənin böyüdüyünü görüb onları bir-birlərindən kənarlaşdırdıqlarını və Elməddinin onların yanından getdiyini, daha sonra polis əməkdaşları izahatını alınması üçün onu polis idarəsində dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə gedərək orada izahat verdiyini bildirərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında 18 fevral 2025-ci il tarixdə saat 10:00 radələrində Şərur rayon Çərçiboğan kəndində mərkəzə doğru getdiyini, bu zaman orada qəssablıq fəaliyyəti ilə məşğul olan Şəxs yanına getdiyini, ətrafdakı stulda oturduğunu və həmkəndliləri ilə söhbət etməyə başladığını, bu zaman həmkəndlisi Şəxs ona elə onu axtardığını və ona sözü oduğunu bildirdiyini, bu zaman bir neçə gün öncə polis idarəsində olan zaman onun mobil telefonunu niyə əlindən aldığını soruşduğunu, bu zaman ona bunun idarə daxili qaydalar olduğunu və idarəyə gələn hər bir şəxsin mobil telefonu alındığını bildirdiyini, bu zaman onu təhqir edib nalayiq ifadələr işlətməyə başladığını, məcbur qalıb ona cavab verdiyini, Şəxs əlindəki bıçaqla onun üzərinə gələrək onu hədələdiyini və sifət nahiyyəsində yumruqla vurduğunu, kənd sakinləri onları aralaşdırdıqlarını, Şərur Rayon Polis İdarəsinə gələrək baş vermiş hadisə barədə raport yazaraq izahat verdiyini, Şəxs Şərur Rayon Polis İdarəsinə çağırdıqlarını, o da oraya gələrək verdiyi izahatında onu vurduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı inzibati xətaya dair iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində polis işçisinin qanuni tələbinə tabe olmamaq əlamətləri müəyyən edilmir. Əməldə döymə əlamətləri olduğuna görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Ona görə də Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan: - xx.xx.2025-ci il tarixli ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində 18 fevral 2025-ci il tarixdə polis işçisinin qanuni tələbinə tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-37/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-37/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver