Məhkəmə qərarları › İş №3(110)-38/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-38/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-38/2021 21.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, Cəlilkənd tam orta məktəbində mühafizəçi işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 20 may 2021-ci il tarixdə saat 23:30 radələrində Şərur şəhər ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 20.05.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində onun VAZ 2106 markalı avtomobili ilə Şərur şəhərinə sərnişin gətirdiyini, Yasin adlı həmin sərnişinin ət bazarının yanına çatanda “maşını saxla özümə siqaret alım” dediyini, onun fikrinin özündə olmadan avtomobili yolun əks istiqamətində saxladığını, bu zaman yol polis əməkdaşlarının onun yanına yaxınlaşdığını, ondan sənədlərini təqdim etməyi xahiş etdiklərini, onun əsəbi olduğundan hər şeyin ona acıqlı gəldiyini tam səmimiyyətilə bildirdiyini, buna görə də sənədləri təqdim etmək istəmədiyini, Sədi müəllimin “sənə protokol yazacağam” dediyini, onunda Sədi müəllimə məni bu dəfə ötüşdürün dediyini, lakin onların ona köməklik etmədiklərini, aralarında uzun mübahisə olduğunu, onlar da sahə inspektorunu əraziyə dəvət etdiklərini, sonra avtomobili işə salıb oradan uzaqlaşıb evə getdiyini, səhər onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiklərini, təqsirli olduğunu, düz etmədiyini başa düşdüyünü, lakin həmin vaxtı əsəbi olduğunu, nə etdiyini xatırlamadığını bildirdi. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında 20 may 2021-ci il tarixdə saat 23:30 radələrində Şərur şəhərində xidmət aparan zaman Şərur rayon Yengicə kənd sakini Şəxs yolun əks istiqamətində öz avtomobilini saxlayan zaman ona yaxınlaşıb həmin sürücüdən sənədlərini təqdim etməsini xahiş etdiyini, lakin sürücünün onların qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etdiyini, uzun müddət mübahisə etdiyini, səs-küy saldığını, məcbur qalıb sahə inspektorunu oraya çağırdıqlarını, sürücünün onların qanuni tələblərinə məhəl qoymayaraq özünə məxsus avtomobilini götürərək hadisə yerindən uzaqlaşdığını bildirdi. Məhkəmədə şahid qismində izahat verərkən X6 da, şahid X1 verdiyi izahat ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. Məhkəmədə şahid qismində izahat verən X2 izahatında 20 may 2021-ci il tarixdə saat 23:30 radələrində əvvəldən tanıdığı Şəxs özünə məxsus avtomobillə yolun əks istiqamətində dayandığını, polis əməkdaşlarının sürücüyə yaxınlaşaraq ondan sənədlərini təqdim etməsini xahiş etdiklərini, lakin sürücü Şəxs sənədləri təqdim etmək istəmədiyini bildirdiyini, polis əməkdaşlarını ondan təkrar sənədləri təqdim etməsini xahiş etdiklərini, lakin sürücünün yenədə sənədləri təqdim etməkdən boyun qaçıraraq polislərin tələbinə qəsdən tabe olmadığını, səs–süy saldığını, sonra sahə inspektoru oraya gəldiyini, yenə də onu sakitləşdirə bilmədiklərini, sonra avtomobilin açarlarını götürərək avtomobilin cərimə meydançasına aparılmasına mane olduğunu, avtomobili sürərək çıxıb getdiyini bildirdi. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında 20 may 2021-ci il tarixdə Şərur şəhəri ərazisinə xidmət aparan zaman Sədi Əliyevin ona zəng edərək, K-N Seyidov küçəsində mübahisə olduğunu bildirdiyini, həmin yerə gedən zaman Sədi Əliyev ilə Şəxs mübahisə etdiklərini gördüyünü, Şəxs polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlədərək müxtəlif orqanlara onları şikayət edəcəyini bildirdiyini, onu nizam-intizama dəvət etdiyini, lakin onun qanuni tələbinə tabe olmadığını, onlara məhəl qoymayaraq avtomobili sürərək çıxıb getdiyini, səhəri gün onu Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib etdiklərini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 20 may 2021-ci il tarixdə saat 23:30 radələrində Şərur şəhərində dövlət yol polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan 21.05.2021-ci il tarixli 010062 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə saat 23:30 radələrində Şərur şəhərində dövlət yol polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar