Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-38/2022 10.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1983-cü ildə Şərur rayonu, Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 06.05.2022-ci il tarixdə 21:40 radələrində həmkəndlisi X5 ilə birlikdə Şərur rayon Vərməziyar kəndində tikintisi aparılan məktəbin ərazisindən ümumi dəyəri 90 manat olan tikinti materialları oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında 06 may 2022-ci il tarixdə təxminən 21:40 radələrində mobil telefonu ilə qonşusu X2 zəng edib çölə çıxmasını bildirdiyini, Urfan çölə çıxdıqdan sonra qonşuluqda tikinti gedən məktəb həyətindən taxta, profil və armatur götürməyi təklif etdiyini, Urfanın onunla birlikdə tikintiyə yollandığını, ətrafa nəzər saldıqdan sonra mühafizəçi olmadığını görüb tikinti aparılan əraziyə daxil olduqlarını, taxta, armatur və profil topladıqlarını, Urfanla birlikdə təxminən 20 kq olan armatur, ümumi uzunluğu 14 metr olan 5x10sm ölçülü taxta və 4 metrlik profil götürərək onların həyətinə apardıqlarını, iki gün sonra polislərin onu İbadulla polis bölməsinə dəvət etdiyini, polis bölməsində izahat verərkən əməlini səmimi etiraf etdiyini bildirib azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli rayon idarəsinin rəisi X1 telefonoqram göndərilərək məlumat verilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmədən qanuni qərar çıxarılmasını və dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X7 izahatında Vərməziyar kəndində aparılan məktəb tikintisində mühafizəçi işlədiyini, 06.05.2022-ci il tarixdə saat 21:20 radələrində mühafizəçilər üçün ayrılmış otaqda olduğunu, ərazini gəzmək üçün otaqdan çıxdığını, armatur, taxtalar və profillər yığılan tərəfdən qulağına səs gəldiyini, səs gələn tərəfə getdiyini, tikinti materiallarının götürüldüyündən şübhələndiyini, sonra Vərməziyar kəndində xidmət aparan polis əməkdaşı X4 və müdriyyətə zəng vuraraq məlumat verdiyini bildirdi. Məhkəmədə şahid qismində izahat verən polis nəfəri X6 izahatında 06.05.2022-ci il tarixdə 21:30 radələrində xidmətdə olduğu zaman məktəb tikintisinin mühafizəçisinin ona zəng edərək təmir gedən məktəbdən oğurluq olduğundan şübhələndiyini, onun da bu barədə komandirinə məlumat verdiyini, komandirin tapşırığı əsasında aparılan soraqlaşma zamanı Şəxs həyətində tikinti materialları olması barədə məlumat əldə etdiyini və dərhal sahə inspektoruna məruzə etdiyini və həmin şəxsi 09 may 2022-ci il tarixdə İbadulla polis bölməsinə dəvət etdiklərini, sonra şəxsin səmimi etirafında digər şəxsin X5 olduğunun müəyyən olduğunu bildirdi. Sənədlər: İş materiallarına əlavə olunmuş 09.05.2022-ci il tarixli baxış və götürmə protokolundan və 09.05.2022-ci il tarixli əşyaların təhvil veilməsi haqqında aktdan görünür ki, 1 ədəd 4 metrlik profil, 14 metr 5x10 taxta və 20 kq armatur tikinti materilları Şəxs həyətindən aşkar edilərək götürülmüş və Şərur Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 10.05.2022-ci il tarixli Şərur Rayon Vergilər İdarəsinin aktından görünür ki, 1 ədəd 4 metrlik profil, 14 metr 5/10 taxta və 20 kq armatur tikinti materillarının hazırda ümumi dəyəri 90 manatdır. İş materiallarına əlavə olunmuş 09.05.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 09.05.2022-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Şərur Rayon Mərkəzi Xəstəxanasının 10.05.2022-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 06.05.2022-ci il tarixdə Şərur rayon Vərməziyar kəndində tikinti obyektindən ümumi dəyəri 90 manat olan tikinti materilları oğurlamışdır. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran, şəxsin səmimi peşmançılığını isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şərur Rayon Polis İdarəsinin saxlanc anbarında maddi sübut qismində saxlanılan 1 ədəd 4 metrlik profil, 14 metr 5/10 taxta və 20 kq armatur armatur tikinti materilları iş üzrə icraat başa çatdıqdan sonra zərərçəkmiş hüquqi şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli şəxsin tutulduğu 09.05.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Şərur Rayon Polis İdarəsinin saxlanc anbarında maddi sübut qismində saxlanılan 1 ədəd 4 metrlik profil, 14 metr 5x10 sm taxta və 20 kq armatur tikinti materialları iş üzrə icraat başa çatdıqdan sonra zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli rayon idarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-38/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-38/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver