Məhkəmə qərarları › İş №3(110)-39/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-39/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-39/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində müayinədən keçirilmiş və narkotik tərkibli maddə olan metamfetamin qəbul etdiyi müəyyən edilmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, təxminən son 1 ildir ki, Bakı şəhərində yaşadığını, 2023-cü ilin yanvar ayının ortalarında qeydiyyatda olduğu Oğlanqala kənində gəldiyini, əvvəlcədən tanıdığı Çomaxtur kənd sakini X7 ilə Şərur şəhərində yerləşən ticarət mərkəzində görüşdüklərini, Rasifdən narkotik vasitəsinin olub-olmamasını soruşduğunu, Rasifin ona narkotik vasitənin özündə olmadığını, həmkəndlisində metamfetamin olduğunu və 120 manat satdığını bildirdiyini, Rasifə 50 manat olduğunu və 50 manatlıq təşkil etməsini xahiş etdiyini, həmin gün axşamüstü Rasifə zəng edib Çomaxtur kəndinə getdiyini, 50 manatlıq metamfetamin aldığını, daha sonra yaşadığı ünvana qayıdaraq həmin narkotik vasitəni qəbul etdiyini, sonra xx.xx.2023-cü il tarixdə axşamüstü Rasifə zəng edərək yenidən narkotik vasitə olub-olmamasını soruşduğunu, o da həmkəndlisi Elnurda olduğunu bildirdiyini, yenidən 50 manat götürərək Rasifin ünvanına getdiyini, ondan 50 manatlıq narkotik vasitə aldığını, yaşadığı ünnvana qayıdaraq istifadə etdiyini, polis əməkdaşlarının onu Oğlanqala kəndində saxladıqlarını, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, polis idarəsinə getdikdən sonra onu müayinə olunması üçün X2 apardıqlarını, orada müayinə zamanı narkotik tərkibli vasitə olan metamfetamin istifadə etməsinin müəyyən olunduğunu, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 vermiş olduğu izahatında, Şərur rayon Polis idarəsinin CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə işdə olan zaman ona zəng gəldiyini və məlumat daxil olduğunu, iş yoldaşı X6 ilə birlikdə barəsində məlumat daxil olan Şəxs olduğu Oğlanqala kəndinə getdiklərini, həmin şəxsi Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini və ondan narkotik maddə istifadə edib etməməsini soruşduqlarını, Əyyubun narkotik maddə qəbul etdiyini bildirdiyini, sonra onu analiz olunması üçün X2 apardıqlarını və sidik narko-test vasitəsiylə orada onun həqiqətən də nakrotik maddə qəbul etdiyinin müəyyən olunduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 008994 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində müayinədən keçirilmiş, nəticədə şəxsin metamfetamin adlı narkotik tərkibli maddədən isifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 0759 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0055-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 165 saylı, 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs dispanserdə sidik narko-test vasitəsiylə müayinə olundu, nəticədə MET (metamfetamin) müsbət aşkar olundu, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahidin ifadəsi, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5 maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 0055-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 0055-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar