Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-393/2025 26.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis mayoru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəl inzibati məsuliyyətə cəlb edilmiş, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Şərur Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İXM 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Çomaxtur kəndindəuca səslə nalayiq ifadələr işlətmiş, həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis mayoru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs kənd mərkəzində yerləşən dükandan çörək almağa gəlmiş və çörəyin olmadığı satıcı tərəfindən ona deyildikdə o, nalayiq ifadələr işlətmiş, həmin an dükanda olan ödəniş terminalından ödəniş edən polis sahə rəisi kimi o, Şəxs nalayiq ifadələr işlətməməsini dedikdə onların arasında münaqişəli vəziyyət yaranmış, onun yanında olan dayısı oğlu Rasimin onu dükandan güclə çölə çıxarmış, bundan sonra həmin vaxt oradan dərsdən çıxan şagirdlər və müəllimələrin yanında kənd mərkəzində o, söyüşlərini davam etdirmiş və onun əməlinin inzibati qaydada araşdırılması üçün Polis idarəsinə dəvət edikdə gəlməyəcəyini, onu nizam intizama dəvət edən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini, müvafiq yerdən zəng gözlədiyini, şizofreniya xəstəliyindən əziyyət çəkən oğluna polis sahə rəisini öldürməsini tapşırdığını, ərazidə mənfi xarakterizə olunduğunu, məcburi qaydada gətirildiyini, 2025-ci ilin fevralında İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğunu, sonra İXM-nin 157-ci maddəsi əsasında yenidən inzibati məsuliyyətə cəlb olunduğunu bildirdi. Onun barəsində bu əməllərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, çörək almağa dükana getmiş lakin çörək olmadığına görə əsəbləşib vicdansız və şərəfsiz demiş, bundan sonra polis sahə rəisinin ondan o sözü kimə dediyini, onu dayısı oğlu Rasimin çölə çıxardığını, dükanın qarşısında qarşılıqlı mübahisə olduğunu və evinə gəlib Daxili İşlər nazirliyinə zəng etdiyini, bundan sonra evinə polis əməkdaşlarının gəldiyini, onlara polis idarəsinə getməyəcəyini, zəng gözlədiyini dediyini, oğlunun şizofreniya xəstəliyindən əziyyət çəkdiyini, Polis idarəsinə aparılan zaman paltarının başına çəkildiyini, məhkəmədən bağışlanmasını və ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 məhkəməyə izahat verərək, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman gündüz radələrində növbətçi hissədən zəng gəldi və Şəxs idarəyə gətirilməsi deyildiyinə görə onun ünvanına getdik, onu idarəyə dəvət etdik, tabe olmadı söyüş söyməyə başlayıb zəng gözlədiyini dedi, PPX maşının çağırdıqlarını və məcburi qaydada maşına mindirdiklərini, yol boyu polisin ünvanına dayanmadan söyüş söydüyünü, hər hansı fiziki güc tətbiq etmədiklərini, intizama dəvət etdiklərini, tabe olmadığını bildirdi. İdarənin qarşısında şizofreniyadan əziyyət çəkən oğluna qışqıraraq Toğrulu öldürməsini dediyi bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nın polis nəfəri polis serjantı X3 məhkəməyə digər şahidlə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 dükan işlətdiyini Səfərin çörək almaq üçün gəldiyini və çörəyin gəlmədiyini bildirdikdə nalayiq formada söyüş söydüyünü , bu zaman ödəniş terminalından pul ödəyən polis sahə rəisinin orada olduğunu və söyüşü onun ünvanına söyüdüyünü soruşduqda Səfərin ona söymədiyini dediyini, sahə rəisinin əgər ona söyürsə bunun onun özünə aid olduğunu və bundan sonra Səfərin ona söyüş söyüdüyünü və sahə rəisinə paqonu olmasa işdən çıxsın onunla təkbə-tək söhbət edə biləcəyini, orada olan Rasimin Səfərin qoluna girərək küçəyə çıxardığını, hadisənin dükanda çöldə davam etdiyini sonrasını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 birgə dükana daxil olduğunu və çörəyin olmadığını gördükdə Səfərin söyüş söydüyünü, dükanda olan sahə rəisi Məmmədov Toğrulun bunun ona söyüldüyünü zənn etdiyini, ona yaxınlaşıb kimə söydüyünü əgər ona söyürsə bunun onun özünə aid olduğunu dedyini və Səfərin söyüş söydüyünü, onları sakitləşdirməyə çalışdığını və Səfəri çölə çıxardığını hadisənin çöldə onları sakitləşdirib ayırdığını dedi. İş materiallarında olan və tədqiq edilmiş: 25 dekabr 2025-ci il tarixli 1851 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. 25 dekabr 2025-ci il tarixli 1776 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokoldan aydın olur ki, Şəxs üzərindən heç nə aşkar edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri və Şərur RPİ-nin İTB-dən daxil olmuş materialla tam təsdiq edilir. Belə ki, Şəxs xırda xuliqanlıq törətməklə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və bununlada İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ bəndininin tələbinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİİ bəndinə əsasən Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin qanunun 17-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görsənir ki, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmama həmin maddənin tərkibini yaradır. İnzibati xəta tərkibinin yaranması üçün hüququn ümumi nəzəriyyəsinə əsasən dörd elementin olması vacib şərt hesab edilir. Obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət. Bu dörd element vahid tamın tərkib hissəsini təşkil etdiyindən biri digərindən ayrılıqda mövcud ola bilməz. İnzibati xətanın obyektiv cəhəti törədilən inzibati xətanın zahiri tərəfini və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən birbaşa qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Hazırki iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin izahatından, şahid ifadələrindən görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin ictimai asayışın mühafizəsi ilə bağlı qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilir. Normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Bu hal şəxsin polis idarəsinə çağrılması, onun nalayiq formada söyüşlər söyərək gəlməkdən imtina etməsi, polis əməkdaşının ondan qanuna tabe olub ictimai qaydaya hörmətlə yanaşmasını tələb etməsinə baxmayaraq əməlini davam etdirməsində əksini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X9 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırkı baxılan işdə şəxsin bir qrup şəxsin gözü qarşısında ünvansız olaraq ağır formalı nalayiq ifadələr işlətməsi, bu hərəkətlərin kənd mərkəzində çoxsaylı insanlar qarşısında baş verməsi şəxsin cəmiyyətə açıqca hörmətsizlik etməsini göstərir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Onun məsuliyyətini ağırlaşdıran hal isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şərur rayon Məhkəməsinin 3(110)-20/2025 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edilməsi müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-ci maddələri ilə təqsirli bilinib, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 33, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:50-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə və X14 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-393/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-393/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver