Məhkəmə qərarları › İş №3(110)-4/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-4/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-4/2023 16.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 02 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kəndi ərazisində Şərur rayon Yengicə kənd sakinləri ilə birlikdə qumar oynamış bununla da o, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Şərur rayon Yengicə kəndində yaşadığını, 02 yanvar 2023-cü il tarixdə həmkəndlisi Niyaməddingildə qonaqlıqda olduğunu, orada çıxan zaman saat təxminən 18:00 radələrində həmkəndliləri Salam, Vüqar və Nizami ilə birlidə Salama məxsus olan Şərur rayon Yengicə kəndində yerləşən taxtadan ibarət tikiliyə getdikərini, onun Nizamiyə və Vüqara qumar oynamağı təklif etdiyini, onların onunla razılaşdığını və Nizami, Vüqar və özünün qumar oynamağa başladıqlarını, Salamın isə qumar oynamadığını, oturub araq içdiyini, təxminən 20 manat udmuşdu ki, polis əməkdaşlarının oraya gəlib onları gördüklərini və Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada izahatlarını aldıqlarını, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir Məhkəmədə şahid qismində dindirilən X7 izahatında göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Yengicə kəndinin sahə inspektoruna qumar oynanılması ilə bağlı məlumat daxil olduğunu, sahə inspektoru Azər Abbasov və Şərur rayon Polis İdarəsinin əməkdaşı Vəli Şirəliyev ilə birlikdə həmin əraziyə getdiklərini, Yengicə kəndi ərazisində X2 məxsus torpaq sahəsindəki tikiliyə getdiklərini, içəriyə daxil olduqda masanın ətrafında 3 nəfərin qumar oynadıqlarını gördüklərini, sonradan həmin şəxslərin Şəxs, X8 və X5 olduqlarının müəyyən olunduğunu, X1 əlində kart olmadığını, onun kart oynamasını görmədiyini, masanın üzərində ağ selofanda doğranmış meyvə, bir ədəd spirtli içki, otuz altı ədəd oyun kartı, 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinas olmaqla cəmi 180 manat pulun olduğunu, oyun kartının və pulun qabalaşdırılaraq götürüldüyünü, həmin şəxslərin Şərur Rayon Polis İdarəsinə dəvət edilərək onların barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X6 da şahid X4 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Yengicə kəndində X2 məxsus olan yardımçı tikilidə X8 və X5 ilə qumar oynamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş materialında olan xx.xx.2023-cü il tarixli 010287 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Yengicə kəndi ərazisində tanışları ilə birlikdə qumar oynamış, nəticədə Azərbaycan Respublikasının İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan şəxsi baxış keçirilməsi haqqında protokoldan görünür ki, çöllük ərazidə X2 məxsus yardımçı taxta tikilidə 36 ədəd oyun kartı və 180 (bir yüz səksən) manat - 1 ədəd yüzlük, 1 ədəd əllilik, 1 ədəd iyirmilik və iki ədəd beşlik pul aşkar edilərək götürülərək hal şahidlərinin iştirakı ilə ağ rəngli zərfdə qablaşdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının İXM-nın 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin qeyd olunmalıdır ki, Şərur Rayon Məhkəməsinin 3(110)-5/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə eyni iş üzrə maddi sübut olan oyun ləvazimatı 36 ədəd plastik qumar kartı və 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinas olmaqla, cəmi 180 (bir yüz səksən) manat pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsinin qərara alınmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Məhkəməsinin 3(110)-5/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə eyni iş üzrə maddi sübut olan oyun ləvazimatı 36 ədəd oyun kartı və 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinas olmaqla, cəmi 180 (bir yüz səksən) manat pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsinin qərara alınması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş oyun ləvazimatı olan 36 ədəd oyun kartı və 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinas olmaqla, cəmi 180 (bir yüz səksən) manat pul vəsaitinin Şərur Rayon Məhkəməsinin 3(110)-5/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar