Məhkəmə qərarları › İş №3(110)-40/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-40/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-40/2023 28.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1996-cı ildə Şərur rayon Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmayan, Şərur rayon Xələc kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Muğancıq Müslüm kəndində qumar oynamış, bununla da Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat təxminən 14:20 radələrində Muğancıq-Müslüm kəndində yaşayan dayıoğlusu Əlinin zəng vuraraq babasına məxsus evdə ona yeyib-içməyi təklif etdiyini, pulunun olmadığını bildirdiyini, onu aparması üçün maşın göndərdiyini, oraya getdiyini, orada yeyib-içməyə başladıqlarını, hərbiçilərdən biri qumar oynamağı təklif etdiyini, qumar oynamağa başladıqlarını, piyvələri qurtardığından Əlinin kiməsə zəng vuraraq piyvə gətirməsini istədiyini, bir müddət keçdikdən sonra tanımadığı 3 nəfərin əllərində piyvə içəri girdiklərini, onlardan biri-hərbiçi olan bizimlə qumar oynamağa başladığını, digər iki şəxsin onlarla qumar oynamadıqlarını, 2 nəfər hərbiçini tanımadığını, onların mülki formada olduqlarını, danışıqlarından hərbiçi olduqlarını başa düşdüyünü, həmin vaxtı orada Əlinin, iki nəfər hərbiçi və iki nəfər də başqa şəxsin olduğunu, bir neçə dəqiqə keçmişdir ki, polis əməkdaşlarının içəriyə daxil olduqlarını, onları Şərur Rayon İbadulla Polis Bölməsinə dəvət etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən Şahid izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Saat 16:00 radələrində Rasimin ona zəng vuraraq borcunu qaytarmağını istədiyini, Sərxanlı kənd mərkəzində Rasimlə görüşərək ona olan 25 manat borcunun 20 manatını qaytardığını, görüşən vaxtı Rasimin ona bir yerə gedibgəlmələrini bildirdiyini, Əmrah adlı şəxsin maşını ilə getdiklərini, ora çatdıqda ev sahibi onları içəri dəvət etdiyini, sonra oturub söhbət etməyə başladıqlarını, həmin vaxtı orada olan tanımadığı 3 nəfərin qumar oynadıqlarını, Sənan adlı şəxsin əlində kart olduğunu, ortalıqda pulları gördüyünü, özünü isə qıraqda telefonla oynadığını, Əmrahı qonşu kəndçi kimi tanıdığını, Əmrahın pulunu alması üçün gözlədiyini, Əmrahla qayıdacağını, amma Rasimin orada qalacağını, özünün və Əmrahın qumar oynamadığını, 5-10 dəqiqə keçdikdən sonra polis əməkdaşlarının gəldiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Əlinin ona zəng vuraraq piyvə götürərək Rasim ilə birlikdə gəlməyini bildirdiyini, Rasimi Sərxanlı kəndindən götürdüyünü, həmin vaxtı da Kənanın Rasimin yanında olduğunu, Əlinin dediyi evə çatdıqlarını və içəri girib oturduqlarını, həmin vaxtı 3 nəfərin qumar oynadıqlarını, stolda kart olduğunu, özünün və Kənanın qumar oynamadığını, sürücülük fəaliyyəti ilə məşğul olduğunu, Əlini işə aparıbgətirdiyi üçün onunla tanış olduğunu, sobaya odun atdıdıqdan sonra polislərin içəriyə daxil olduqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə daxil olmuş məlumat əsasında Şərur rayon Muğancıq-Müslüm kəndinə getdiklərini, həmin evə daxil olduqlarını, evə daxil olarkən 4 nəfərin qumar oynadıqlarını gördüklərini, evə baxış keçirən zaman evin salonunda 2 qutu kağız kartın, 51 manat 50 qəpiyin aşkar edildiyini, müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Sənədlər: İş materialında olan şəxsi baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur rayon Muğancıq-Müslüm kəndində yerləşən evdən 2 qutu kağız kart, 51 manat 50 qəpik aşkar edilib götürülərək hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, maddi subutlar Naxçıvan MR Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə maddi sübutlar Naxçıvan MR Hərbi Məhkəməsinə göndərildiyindən məhkəmə maddi sübutlarla bağlı məsələyə baxmır. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsində yalnız üç min manat məbləğində cərimə sanksiyası nəzərdə tutulduğundan şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar