Məhkəmə qərarları › İş №3(110)-42/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-42/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-42/2022 16.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1992-ci ildə Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Kərimbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14.05.2022-ci il tarixdə 11:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs həyətinin giriş qapısının yanında “Kron” markalı velosipedini oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında hazırda ailəsi ilə Türkiyə Respublikasında işləmək üçün müvəqqəti yaşadığını, Naxçıvana qohumunun yas mərasimi üçün gəldiyini, Naxçıvan şəhərində bacısıgildə qaldığını, 14 may 2022-ci il tarixdə təxminən 10:00 radələrində tanışı Əli adlı şəxsə zəng vuraraq onu İran məscidinin yanına çağırdığını, onun maşınına 25 manatlıq benzin vuracağını və Şərur rayon Kərimbəyli kəndindəki ata evlərinə gedəcəklərini dediyini, razılaşaraq yanlarında olan tanışları Rəfailin də onlarla birlikdə gəldiyini, Şərur rayon Kərimbəyli kəndindəki həyətlərinə baxıb çıxarkən üz-üzə qonşu olan həmkəndlisi Zərərçəkmiş şəxs küçə qapısının qarşısında göy rəngli velosipedini gördüyünü, tanışlarına velosipedi götürmək üçün buraya qoyduqlarını dediyini, velosipedi götürərək maşının arxasına yerləşdirdiyini, ünvan 1 ünvanında yaşayan bacısının əri X2 həyətinə qoyduğunu, bir neçə saat sonra polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada dindirilən zaman əməlini etiraf etdiyini bildirib barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında 14 may 2022-ci il tarixdə təxminən 10:00 radələrində çöldəki torpaq sahəsini velosipedlə baxmağa getdiyini, sonra evə qayıdıb velosipedi küçə qapısının yanında saxlayıb həyətə girdiyini, təxminən yarım saat keçdikdən sonra təkrar çölə getmək üçün küçəyə çıxdığını, bu zaman velosipedin orada olmadığını gördüyünü, bu barədə dərhal Şərur Rayon Polis İdarəsinə məlumat verdiyini, yarım saat sonra polis əməkdaşlarının onun evinə gəldiyini, hadisə barədə məlumat toplayaraq getdiklərini, bir neçə saat sonra velosipedini götürən adamın həmkəndlisi Şəxs olması barədə ona məlumat verildiyini bildirmiş, əmlakının qaytarılmasını və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X4 izahatında 14.05.2022-ci il tarixdə saat 10:00 radələrində Şəxs ona zəng vuraraq Naxçıvan şəhərində yerləşən İran məscidinin qarşısında görüşmək üçün çağırdığını, İran məscidinin yanına gələndə sürücü X5 da orada olduğunu, Sülhəddinin Şərur rayon Kərimbəyli kəndindəki evlərinə gedəcəklərini dediyini, daha sonra Sülhəddinin sürücünün maşınına 25 manat məbləğində benzin vurduraraq Şərur rayon Kərimbəyli kəndinə getdiklərini, kəndə çatdıqdan sonra Sülhəddinin evlərinə baxdığını, sonra qonşu evin qabağında olan velosipedi onun üçün qoyduqlarını bildirib maşının baqajına yerləşdirdiyini, velosipedi götürəndən sonra üçünün də İran məscidinin yanına gəldiklərini, Sülhəddinin orada onlarla sağollaşıb velosipedi götürüb getdiyini bildirdi. Məhkəmədə şahid qismində izahat verən X8 izahatında 14.05.2022-ci il tarixdə saat 10:00 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən Şəxs ona zəng edib İran məscidinin yanına gəlməyi dediyini, onun həmin yerə getdiyini, Şərur rayon Kərimbəyli kəndindəki evlərinə aparmağı bildirdiyini, 25 manat məbləğində benzin avtomobilə vurdurduğunu, sonra oraya X1 da gəldiyini, birlikdə Şərur rayon Kərimbəyli kəndinə gəldiklərini, Sülhəddin kəndə çatdıqdan sonra evin qabağında olan velosipedi onun üçün qoyduqlarını bildirərək götürdüyünü, avtomobilin baqajına qoyduqdan sonra Naxçıvan şəhərinə gəldiklərini, İran məscidinin yanında Sülhəddinin velosipedi də götürərək onlardan ayrıldığını bildirdi. Sənədlər: İş materiallarına əlavə olunmuş 14.05.2022-ci il tarixli baxış və götürmə protokolundan və 14.05.2022-ci il tarixli əşyaların təhvil veilməsi haqqında aktdan görünür ki, 1 ədəd “Kron” markalı velosiped X2 həyətindən aşkar edilərək götürülmüş və Şərur Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 16.05.2022-ci il tarixli Şərur Rayon Vergilər İdarəsinin aktından görünür ki, 1 ədəd “Kron” markalı velosipedin hazırda ümumi dəyəri 200 manatdır. İş materiallarına əlavə olunmuş 14.05.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14.05.2022-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının 16.05.2022-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 14.05.2022-ci il tarixdə Şərur rayon Kərimbəyli kəndində Zərərçəkmiş şəxs məxsus dəyəri 200 manat olan “Kron” markalı velosiped oğurlamışdır. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şərur Rayon Polis İdarəsinin saxlanc anbarında maddi sübut qismində saxlanılan 1 ədəd “Kron” markalı velosiped zərərçəkmiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli şəxsin tutulduğu 14.05.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şərur Rayon Polis İdarəsinin saxlanc anbarında maddi sübut qismində saxlanılan 1 ədəd “Kron” markalı velosiped qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar