Məhkəmə qərarları › İş №3(110)-47/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-47/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-47/2021 30.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs X2 iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1984-cü ildə Şərur rayonu Aşağı Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Aşağı Yaycı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 28.06.2021-ci il tarixdə X5 məxsus 7 ədəd Milano markalı siqaret bloku oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında 28.06.2021-ci il tarixdə səhər saatlarında Şərur şəhərində yerləşən bazarda gəzən zaman tanımadığı bir şəxsin topdan və pərakəndə siqaret satdığını gördüyünü, pula ehtiyacı olduğundan siqaretləri oğurlayıb sataraq borcunu ödəməyi düşündüyünü, satıcının başı qarışıq olan vaxt vitrindən 7 ədəd Milano markalı siqaret bloku götürdüyünü, siqaretləri salafan paketə doldurub ünvan 1 ünvanına apardığını, sonra həmin siqaret bloklarını evin qonaq otağında yerləşən şkafda gizlətdiyini, polis əməkdaşları tərəfindən evdə axtarış edilərkən könüllü şəkildə onlara təqdim etdiyini, tutduğu əməldən peşman olduğunu bildirərək ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X7 izahatında 10 ilə yaxındır ki, siqaret satışı ilə məşğul olduğunu, 28.06.2021-ci il tarixdə Şərur şəhərində yerləşən bazarda həmişəki kimi siqaret satdığını, həmin vaxt vitrində olan siqaret bloklarının sayının az olduğunu gördüyünü, onları sayan zaman 7 blok siqaretin vitrində olmadığını, bu zaman Şərur RPŞ-ya ərizə ilə müraciət etdiyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X8 izahatında 2004-cü ildən DİO-da xidmət etdiyini, 28.06.2021-ci il tarixdə Şərur bazarında ticarətlə məşğul olan həmkəndlisi X2 7 blok Milano siqaretlərinin oğurlanması ilə bağlı şikayət ərizəsinin daxil olduğunu, Şərur şəhərində xidmət göstərdiyi üçün həmin ərizə əsasında bir sıra tədbirlər həyata keçirdiyini, keçirilən tədbirlər nəticəsində həmin oğurluğu edənin Şərur şəhərində kirayədə yaşayan Aşağı Yaycı kənd sakini Şəxs olması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında Şəxs saxlanılaraq polis şöbəsinə gətirildiyini, polis şöbəsində dindirilən zaman törətdiyi əməli səmimi etiraf edərək oğurladığı siqaretləri kirayədə yaşadığı mənzildə saxladığını bildirdiyini, 2 nəfər hal şahidinin iştirakı ilə Şəxs kirayə yaşadığı mənzilin qonaq otağında olan şkafın gözündən 7 blok Milano siqareti aşkar edilərək götürüldüyünü, siqaret bloklarının fotoşəkillərinin çəkilərək müvafiq qaydada qablaşdırıldığını bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında 28.06.2021-ci il tarixdə saat 18:30 radələrində Şərur şəhərində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ondan hal şahidi qismində çıxış etməsini xahiş etdiklərini, onun bu xahişi qəbul edərək polis şöbəsinə getdiyini, polis şöbəsində ona və Dərəkənd sakini X6 bir nəfər orta yaşlarda bir şəxs təqdim edildiyini, həmin şəxsin Aşağı Yaycı kənd sakini Şəxs olmasının bildirildiyini, sonra polis əməkdaşları ilə birlikdə Şəxs Şərur şəhərində yerləşən kirayə yaşadığı mənzilə getdiklərini, onların iştirakı ilə bina 5, mənzil 24 ünvanında qonaq otağındakı şkafdan 7 blok Milano siqareti aşkar edildiyini, həmin siqaretlərin onların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü bildirdi. Məhkəmədə şahid qismində izahat verən X9 eyni məzmunda izahat verərək şahid X1 dediklərini təsdiq etdi. Sənədlər: İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının 30.06.2021-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş tutma protokolundan görünür ki, Şəxs 28.06.2021-ci il tarixdən tutulmuşdur. İş materiallarına əlavə olunmuş 28.06.2021-ci il tarixli əşyaların götürülməsi haqqında protokoldan görünür ki, 7 ədəd Milano markalı siqaret bloku götürülmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 28.06.2021-ci il tarixdə Şərur şəhərində X5 məxsus 7 ədəd Milano markalı siqaret blokunu oğurlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati məsuliyytə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını, himayəsində 2 azyaşlı uşaq olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şərur Rayon Məhkəməsinin saxlanc otağında maddi sübut qismində saxlanılan 7 ədəd Milano markalı siqaret bloku iş üzrə icraat başa çatdıqdan sonra zərərçəkmiş şəxs X5 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Naxçıvan MR Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Maddi sübut qismində Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan 7 ədəd Milano markalı siqaret bloku zərərçəkmiş şəxs X5 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar