Məhkəmə qərarları › İş №3(110)-47/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-47/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-47/2025 26.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1985-ci ildə Şərur rayonu, Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3 uşaqlı, Babək rayonu, Nehrəm kəndində fermada işləyən, Şərur rayonu, Alışar kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-201/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 2040 manat aliment borcunu, Şərur Rayon 1 saylı Notariat Ofisinin 8İ-169 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə 2683,27 manat kredit borcunu, Şərur Rayon 2 saylı Notariat Ofisinin 8İ-3169 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə 130 manat kredit borcunu, Nizami RPİnin İXP ******* saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 100 manat inzibati cəriməni ödəməkdən üzürsüz səbəbdən yayınmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri barədə məlumatı olduğunu, əvvəldən işləmədiyi üçün borclarını ödəyə bilmədiyini, aliment borcundan 300 manat ödədiyini, bu günə olan aliment borcunun 2040 manat olduğunu, hal-hazırda fermada işlədiyini, maddi imkanı düzəldikdən sonra borclarını ödəyəcəyini bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında borcun tutulmasına dair icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcun icrası barədə dəfələrlə xəbərdarlıq edildiyini, onun ümumilikdə icra sənədlər üzrə 4000 manatdan artıq borcu olduğunu, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, borclunun tələbin icrasına laqeyd yanaşdığını, tələbkarların da icra sənədinin icrasını tələb etdiyini, borclunun barəsində axtarış elan olunduğunu bildirmişdir. Sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-201/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Qaraburc kəndində yaşayan X1 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan Şərur Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-169 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən X6 və Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 2683,27 manat borcun tutulması qeyd olunmuşdur. İş materiallarında olan Şərur Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-3169 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə cəmi 130 manat borcunu ödəməsi qeyd olunmuşdur. İş materiallarında olan Nizami RPİ-nin tərəfindən qəbul olunmuş TP ******* saylı qərardan görünür ki, Şəxs barəsində İXP ******* saylı xx.xx.2020-ci il protokol üzrə 100 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar