Məhkəmə qərarları › İş №3(110)-50/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-50/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-50/2021 12.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1980-ci Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, işsiz, əvvəllər məhkum olunmayan, Şərur rayon Mahmudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində tərtib olunmuş protokola görə o, 10.07.2021-ci il tarixdə saat 19:45 radələrində Şərur şəhəri ərazisində yerləşən qeydiyat imtahan və texniki baxış şöbəsinin Şərur rayonlar arası müayinə mərkəzində Şərur RPŞ DYPB əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 10.07.2021-ci il tarixdə saat 19:45 radələrində özünə məxsus VAZ 2107 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şərur rayon Aralıq kənd istiqamətindən keçən zaman mağazanın qarşısında saxladığını, mağazadan su alıb avtomobilimə əyləşdiyini, fikirli olduğu üçün təhlükəsizlik kəmərindən istifadə etmədiyini, biraz keçdikdən sonra YPX əməkdaşlarının onu saxlayıb protokol tərtib edəcəklərini bildirdiklərini, maddi imkanı aşağı olduğu üçün protokol tərtib edilməsinə etiraz etdiyini, sonra avtomobili cərimə meydançasına apardıqlarını, orada polis əməkdaşlarının ondan maşını təhvil verməsini tələb etdiklərini, bu zaman onların tələbinə tabe olmadığından mübahisə yarandığını, həmin vaxt orada xidmət aparan mühafizəçi və həmkəndlisi Əli Hüseynovun onların yanına gəlib onları sakitləşdirdiklərini, sonra avtomobili cərimə meydançasına qoyduğunu və Şərur RPŞ-yə getdiklərini bildirərək tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında 10.07.2021-ci il tarixdə saat 19:45 radələrində yol polisi əməkdaşları Orxan Şirəliyev və Tahir Dadaşovun DYP-nin müayinə mərkəzinə həmkəndlisi Şəxs və onun idarə etdiyi avtomobili gətirdiklərini, ondan avtomobili təhvil götürməyi xahiş etdiklərini, bu zaman Şəxs onların tələbinə tabe olmayaraq avtomobili təhvil verməkdən boyun qaçırdığını, polis əməkdaşlarının təkrar tələb etməsinə baxmayaraq, Şəxs avtomobili təhvil vermədiyini, sonra Şəxs ilə Orxan Şirəliyev arasında mübahisə baş verdiyini, onların arasına girərək Şəxs sakitləşdirdiyini, Şəxs polislərin tələbinə məhəl qoymayıb avtomobili təhvil vermədən müayinə mərkəzindən çıxıb getdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında 10.07.2021-ci il tarixdə saat 19:01 radələrində Aralıq kənd yolunda post yoldaşı X1 ilə birlikdə xidmət aparan zaman VAZ 2107 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik kəmərindən istifadə etmədiyini aşkarladığını, jezl vasitəsi ilə dayanmağı tələb etdiyini, sürücünün dayanma əmrinə tabe olaraq maşını saxladığını, tələb olunan sənədləri təqdim etdiyini, sürücüyə törətdiyi xəta pozuntusunu izah etdiyini, ona İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunacağını bildirdiyini, sürücünün qayda pozuntusu ilə razılaşdığını, amma protokol tərtib edilməsini istəmədiyini, onun sənədləri post yoldaşı Şirəliyev Orxana təqdim etdiyini, xidməti avtomobildə olduğu üçün Bort-komputer vasitəsilə protokol tərtib etməsini ondan xahiş etdiyini, sürücünün onlarla mübahisə etməyə başladığını, sürücüdən avtomobili cərimə meydançasına aparmasını xahiş etdiklərini, əvvəl razı olmadığını, biraz söhbət aparandan sonra avtomobili cərimə meydançasına aparmağa razı olduğunu, onun iştirakı ilə avtomobili duracağa apardığını, iş yoldaşı Orxanın da onu aparmaq üçün yanında gəldiyini, bu zaman Şəxs Orxanla mübahisə yaratdığını, onu sakitləşdirdiklərini, sürücünün onların tələbinə qəsdən tabe olmadığını, avtomobili cərimə meydançasına təhvil vermədən orada saxlayıb çıxıb getdiyini, bu səbəbdən protokol tərtib edə bilmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında X2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan 10.07.2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs 10.07.2021-ci il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuş, 12.07.2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. İş materiallarında olan 12.07.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, iş materiallarında Şəxs “polis işçisinin qanuni tələbinə tabe olmaması”nı sübut edən sənəd daxil edilməmişdir. İş üzrə polis işçisinin qanuni tələb kimi irəli sürdüyü nəqliyyat vasitəsinin duracağa aparılmasının konkret halları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində öz əksini tapmışdır. Həmin maddədə qeyd olunan halların heç biri aşkar olunmadığından polis işçisinin nəqliyyat vasitəsini duracağa aparmaq tələbi qanuni tələb hesab edilə bilməz. Polis işçisinin qanuni olmayan tələbinin icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yaranmadığından icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar