Məhkəmə qərarları › İş №3(110)-53/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-53/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-53/2023 17.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, dörd uşaq atası, natamam orta təhsilli, təqaüdçü, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs mülki silahın əldə edilməsi və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahı əldə edərək saxladığına görə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur rayon Polis İdarəsi tərəfindən 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında ovçuluqla məşğul olmağı xoşladığı üçün təxminən 10 (on) il əvvəl Türkiyə Respublikasının İğdır Vilayətindən mağazada gördüyü və bəyənidiyi bir silahı təxminən 250-300 dollar müqabilində aldığını, sonra həmin silahı yaşadığı Şərur rayon Çomaxtur kəndinə gətirdiyini, həmin silahla təxminən bir-iki dəfə Şərur rayon Diyadin kənd ərazisində ov edərkən istifadə etdiyini, həmin dövrlərdə onun bir-iki dəfə Naxçıvan MR Daxili İşlər Nazirliyinə getdiyini və silahı sənədləşdimək istədiyini, lakin müəyyən səbəblər üzündən sənədləşdirə bilmədiyini, məsuliyyətsizliyini dərk etdiyini qeyd edərək hazırda tutduğu əməldən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid X3 izahatında 28 yanvar 2023-cü il tarixində kənddə durub marşrut gözlədiyini, bu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, həmkəndlisi Şəxs yaşadığı evə keçirilən baxışda hal şahidi qismində iştirak etməyini təklik etdiklərini, onun bu təkliflə razılaşdığını və ona qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdiklərini, sonra onların birlikdə Nürədin Məmmədovun yaşadığı evə getdiklərini, orada başqa bir həmkəndlisi X1 da hal şahidi kimi iştirakı etdiyini, Şəxs evinin iki mərtəbədən ibarət olduğunu və onların ikinci mərtəbədəki evin giriş qapısından daxil olub sağ tərəfdəki otağa baxışda qapı ilə üzbəüz olan küncündə bir ədəd silahın söykəndiyini müşahidə etdiyini, həmin silahın Türkiyə istehsalı olduğunu və üzərində İNKA2004SİLAH.SAN.NBD.TS və 870 yazılan 3448 nömrəli yarımavtomatik silahın polis əməkdaşları tərəfindən sənədlər tərtib edilərək götürüldüyünü və müvafiq qaydada qablaşdırıldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 da digər şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Şərur rayon Polis İdarəsi Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı Şərur rayon Çomaxtur kəndində baxış keçirilən zaman evin ikinci mərtəbəsində bir ədəd 12 kalibrli Türkiyə istehsalı olan 3448 nömrəli üzərində İNKA2004SİLAH.SAN.12-70 NBD.TS 870 yazılan yarımavtomatik silah aşkar edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 113 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah “12” kalibrli, patronluğunun uzunluğu 70 mm, 07 ədəd 12 kalibrli patron tutumuna malik olan lüləaltında yerləşən boruformalı sandıqcası olan, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran), yivsiz (hamarlüləli) ov tüfəngidir, odlu silah hesab edilir. Təqdim edilmiş ov tüfənginin üzərində zavod üsulu ilə hazırlandığını göstərən xüsusi işarələr (zavod nişanı, damğa, texnoloji test işarələri) aşkar edilmədi. Ov tüfəngi sazdır, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvə (2,2-2,3 kq) sərf olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs evində 01 ədəd qanunsuz silah saxlanması barədə toplanmış 41 saylı material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009018 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs götürülmüş 1 ədəd Türkiyə istehsalı olan “NİKA” markalı, 12 kalibrli 3448 nömrəli silah saxlanması üçün Şərur rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; -26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ondan götürülmüş və Şərur Rayon Polis İdarəsində saxlanılan bir ədəd 12 kalibrli Türkiyə istehsalı olan 3448 nömrəli üzərində İNKA2004SİLAH.SAN.12-70 NBD.TS 870 yazılan yarımavtomatik ov silahı tüfəngi dövlət nəfinə müsadirə edilməklə, 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Törədilmiş inzibati xətanın premeti olan bir ədəd 12 kalibrli Türkiyə istehsalı olan 3448 nömrəli üzərində İNKA2004SİLAH.SAN.12-70 NBD.TS 870 yazılan yarımavtomatik ov silahı dövlət nəfinə müsadirə edilməklə, Şəxs 80 (doxsan) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası 12 kalibrli Türkiyə istehsalı olan 3448 nömrəli üzərində İNKA2004SİLAH.SAN.12-70 NBD.TS 870 yazılan yarımavtomatik ov silahının dövlət nəfinə müsadirə edilməsinə dair hissədə Şərur Rayon Polis İdarəsinə, cəriməyə dair hissədə isə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədirlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar