Məhkəmə qərarları › İş №3(110)-55/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-55/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-55/2022 22.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1977-ci ildə Şərur rayonu Mahmudkənd kəndində doğulmuş, evli, 2 uşaqlı, orta təhsilli, İİ qrup əlil, Şərur rayonu Mahmudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Mahmudkənd kənd ərazisində kənd sakini Zərərçəkmiş şəxs sillə vurmaqla qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, özünün və zərəçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2022-ci il trixdə saat təxminən 20:30 radələrində kənd mərkəzində mağaza önündə dayandığını, həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs da oraya gəldiyini, Məzahir ilə əvvəlcə aralarında mübahisə olduğunu, mübahisəni həll etmək məqsədi ilə Məzahiri yanına çağırdığını, söhbətlərinin yenə də mübahisəyə çevrildiyini, əsəbləşərək Məzahirə bir sillə vurduğunu, Məzahirin bir söz demədən ordan ayrıldığını, həmin günün səhəri polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində xidmət mərkəzində mağazaya ərzaq almaq üçün getdiyini, həmin vaxt həmkəndlisi əvvəllər aralarında mübahisə olan Şəxs da orda olduğunu, Möhnət onu görəndə onu çağırdığını, aralarında olan mübaisə ilə bağlı söhbət etdiklərini, səhər aralarında olan mübahisənin yenidən qızışdığını, Möhnətinin mübahisə zəmində ona bir şillə vurduğunu, onun da mübahisənin daha da qızışmağını istəmədiyindən ordan ayrıldığını, ertəsi gün, yəni 22 iyul tarixində Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirərək, onun barəsində qanunda nəzərdə tutulan tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli 98 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənənin sol yarsında aşkar edilmiş qançır bərk küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan Şərur Rayon ƏSMM tərəfindən verilmiş əlillik vəsiqəsindən görünür ki, Şəxs uşaq vaxtından İİ qrup əlildir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən etmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar