Məhkəmə qərarları › İş №3(110)-56/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-56/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-56/2023 13.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1962-ci il tarixdə Şərur rayon Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şəruru rayon Mərkəzi Xəstəxanasında ocaqçı işləyən, ünvan 1 ünvanında yaşayan (fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması şahidlərin və özünün izahatı ilə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında yaşadığı binanın yaxınlığında olan boş ərazidən oğlu vətən müharibəsi iştirakısı Qurbana ev tikmək üçün həmin ərazidən müəyyən miqdarda topaq sahəsi istədiyini, buna görə də təxminən 08:10 radələrində Şərur Rayon İcra Hakimiyyətinə getdiyini, icra başçısı Kamal müəllimin onu qəbul etdiyini, Kamal müəllim ondan nə üçün gəldiyini soruşduğunu, oğlunun torpaq məsələsinə görə gəldiyini bildirdiyini, keçən həftə İmran müəllimin qəbuluna gəldiyini, onun da başçıya məruzə edəcəyini bildirdiyini, Kamal müəllim isə o torpaqları ancaq şəhid ailələrinə və qazilərə verdiklərini bildirdiyini, ona torpaq verilməsi üçün oğlunun şəhid olması lazım olduğunu bildirdiyini, Kamal müəllimin konkret onlara torpaq düşmədiyini bildirdiyini, ona narazlığını bildirərək uca səslə “məndən inciməyin sonra nə edəcəyimi bilirəm, Ali Məclisə şikayətə gedəcəyəm”dediyini, onların heç nə demədiyini, özünün isə oradan uzaqlaşdığını, özünün təqsiri olmadığını bildirərək məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin qəbul şöbəsində olduğunu, Şəxs ilə birlikdə başçının qəbuluna girdiklərini, Kamal müəllimin vətəndaşdan nə üçün gəldiyini soruşduğunu, vətəndaşın oğluna torpaq sahəsi istədiyini bildirdiyini, Şəxs oğlunun heç bir yerdə işləmədiyini, müharibə iştirakçısı olduğunu bildirdiyini, icra başçısı torpaq sahəsinin yalnız şəhid ailələri və qazilərə verildiyini bildirdiyini, ondan sonra vətəndaşın səs küy etməyə başladığını, icra başçısı qanundan kənara çıxa bilməyəcəyini, vətədaşın çölə çıxan zaman onları şikayət edəcəyini dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin qəbul şöbəsində olduğunu, Şəxs başçısının qəbuluna girmək istədiyini bildirdiyini, vətəndaşı qeydiyyatda saldıqlarını, növbə ona çatanda başçının qəbuluna girdiyini, 5-10 dəqiqə keçdikdən sonra içəridə səs gəldiyini, sonra Şəxs qapıdan çıxarkən “dövlətin torpağı başınıza dəysin” dediyini, başçı onu çağırsa da geri qayıtmadığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs vəzifəli şəxslərin göstərişlərinə tabe olmamış, verilən suallara normal cavab verməmiş, ictimai qaydanı kobud surətdə pozaraq ümumilikdə qəbulda olan vəzifəli şəxslərə yüksək səslə düzgün olmayan ifadələr işlətmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, Şəxs barəsində protokol tərtib olunmuş, həmin protokola görə Şəxs dövlət idarəsində ictimai qaydaları pozaraq əməkdaşlara nalayiq ifadələr işlətmişdir. Lakin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması məhkəmə araşdırması zamanı şəxsin özünün izahatı və şahidlərin izahatı ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar