Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-56/2025 03.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1982-ci ildə Şərur rayon, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon, Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:36 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fiziki güc tətbiq etməklə onları döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 21 yanvar 2025-ci il tarixində evə gələn zaman arvadı Saimə Məmmədovanın ona qardaşı İlhamın onu vurduğunu və təhqir etdiyini dediyini, bu zaman onun əsəbləşdiyini, qardaşı olduğu üçün məsələni öz aralarında həll etməyə çalışdığını, daha sonra İlhamın və arvadı Pərvanənin onun arvadı Səimə ilə mübahisə etməyə başladığını, onun da içəri girən zaman Pərvanənin əlində bıçaq olduğunu və arvadının üzərinə hücüm çəkdiyini gördüyünü, bu zaman Saimənin barmaq nahiyəsinin kəsildiyini, o da bıçağı onun əlindən almaq istəyərkən bıçağın kəsici hissəsinin Pərvanənin əlinə dəyərək kəsdiyini, sonra İlhamla mübahisə etməyə başladıqlarını, ondan evdən çıxmasını istədiyini, İlham da evdən çıxmayacağını dediyini, bu zaman onun da İlhamı qucağına alaraq evdən çölə atdığını, evə girmək istəyərkən onu evə qoymadığını, onun da paltarını geymək istədiyini dediyini, onun da “paltarını gey çıx get” dediyini, İlhamın paltarlarını geyərək çıxıb getdiyini bildirərək, hazırda əməlindən peşman olduğunu, qardaşı ilə arasında bu hadisənin olmasını istəmədiyini, arvadının da digər iş üzrə zərərçəkmiş kimi qardaşından şikayətçi olmadığını, bütün bunları nəzərə alıb məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında əri İlham qaynı Ceyhun və onun ailəsi ilə birlikdə yaşadıqlarını, xx.xx.2025-ci il tarixdə Ceyhun evə gələrək İlhamı evdən çıxarmağa çalışdığını, ərinin İ qrup əlil olduğunu və yaşamağa yeri olmadığını Ceyhuna söyləməyə çalışdığını, bu zaman Ceyhunun İlhamın yaxasından yapışaraq onu evdən çıxarmağa çalışdığını, bu zaman onun çörək bıçağını götürərək Ceyhuna “sən bu bıçaqla öz yeznənə xəsarət yetirmişdin, gərək səni o zaman şikayət edərdilər ki, indi belə də eləməzdin” dediyini, Ceyhunun onun üzərinə gələrək bıçağı alan zaman bıçağın onun barmağını və biləyini kəsdiyini, sonradan Ceyhunun onun ağzından təpiklə vurduğunu, ondan sonra 102 polis xidmət mərkəzinə zəng edərək məlumat verdiyini bildirib etdiyi əməlin cəzasını çəkməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2025-ci il tarixdə təxminən saat 12 radələrində həyətdə olan zaman gəlinləri Səiməyə evin giriş hissəsində qum olduğunu, evə girərəkən çətinlik çəkdiyini, oradan qumu təmizləməsini istədiyini, bu zaman Səimə Məmmədovanın ona qarşı nalayiq ifadələr işlədiyini, bu üzdən onu əli ilə itələdiyini, itələdikdən sonra onun başının giriş qapısının açıq hissəsinə dəydiyini, onun evdən çıxdığını, bir qədər keçdikdən sonra qardaşı Ceyhunun gəldiyini, onu evdən çıxarmaq istədiyini, onun da evin ona aid olduğunu, heç bir yerə getməyəcəyini dediyini, ondan sonra çıxıb getdiyini, təxminən 1-2 saat sonra gəldiyini, çay içdiyi yerdə onun yaxasından yapışaraq evdən çıxarmağa çalışdığını, onu evdən atıb arvadı Pərvanə ilə mübahisə etməyə başladığını və onu döyməyə başladığını, onun da evə girdiyi zaman onu itələyib çölə atdığını, arvadı Pərvanənin ağlayaraq evdən qaçdığını, sonra Ceyhundan heç olmasa paltarlarını götürməyini dediyini, evə girərək paltarını geyindiyini, yolda arvadı Pərvanəni axtararaq 102 polis xidmətinə zəng edərək məlumat verdiklərini bildirib, etdiyi əməlin cəzasını çəkməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində və verilmiş suallara cavabında Ceyhun və İlhamın qardaşı olduğunu, xx.xx.2025-ci il tarixdə saat təxminən 14-15 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs2 və Saimə Məmmədovanın mübahisə etdiklərini, həyətdə oturduqlarından Saimənin səsinə evə getdiklərini, evdə olan zaman Pərvanənin əlində bıçaq ilə Səminəni üzərinə gələrək vurmaq istədiyini gördüyünü, bu zaman qardaşı Ceyhunun Pərvanənin əlindən bıçağı aldığını, onları evdən qovduğunu, qardaşı İlhamın evdən çıxmaq istəmədiyindən Ceyhunun onu qucağına alaraq evdən çölə atdığını, İlham evə girmək istərkən Ceyhunun buna icazə vermədiyini, sonra İlhamın paltarlarını geyərək çıxıb gedəcəyini dediyini, içəri girərək paltarlarını geyinib arvadı Pərvanənin dalınca getdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2025-ci il tarixli 29 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində aşkar edilmiş xəsarət – boynunda sıyrıq küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 28 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində aşkar edilmiş xəsarət – sağ əlin İİ barmağında yara, sağ bilək nahiyyəsində sıyrıq deşici-kəsici alət təsirindən törədilmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 120 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişdirəcək heç bir əlavə düzəliş edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-56/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-56/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver