Məhkəmə qərarları › İş №3(110)-58/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-58/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-58/2024 23.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1978-ci ildə Şərur rayonu, Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, Şərur rayon Kommunal Müəssisələri Kombinatında fəhlə işləyən, Şərur rayonu, Tənənəm kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Tənənəm kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Şərur şəhərində ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında təmizlik idarəsində işlədiyini, bu gün günorta Şərur şəhərində “Əmioğlu” kafedə Araz adlı keçmiş iş yoldaşı ilə bərabər yemək yediyini, bu zaman onun həyat yoldaşının içəri girdiyini, Arazın kartından 50 manat pul çəkdiyini deyərək onu qaytarmağı tələb etdiyini, aralarında mübahisə yarandığını, bu zaman orada olan polis əməkdaşlarının onları sakitləşdirdiklərini, oaradan “Kapital bank” banka tərəf getdiyini, məzuniyyət pulunun düzgün köçürülmədiyini bank əməkdaşlarına dediyini, ona işlədiyi idarəyə müraciət etməsini dediklərini, onun isə cavabında idarəyə dəfələrlə müraciət etsə də onların da “Kapital bank” banka müracət etməyi ona bildirdiklərini, əsəbləşdiyi üçün nalayiq ifadələr işlətdiyini, bu zaman polis əməkdaşlarının onu sakitləşdirmək istəsələr də içkili olduğudan onların qanuni tələblərinə əməl etmədiyini, tutduğu əməlindən peşman olduğunu, təmizlik idarəsində fəhlə işlədiyini, əmək məzuniyyətinə çıxdığını, məzuniyyət müddətinin ayın sonu bitəcəyini, əgər həbs olunarsa işə çıxa bilməyəcəyindən işindən azad oluna biləcəyini bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə təxminən Şərur şəhərində xidməti vəzifələrini yerinə yetirərkən “Əmioğlu” kafenin qarşısında iki nəfərin mübahisə etdiyini gördüyünü, onunla xidmətdə olan Öztürk Quliyev ilə birlikdə onlara yaxınlaşıb məsələnin nə olduğunu öyrənməyə çalışdıqlarını, Samirin nitq qabiliyyəti olmayan Araz adlı şəxsin kartından 50 manat pul çəkib kafedə yeyib-içdiklərinə görə onun arvadı ilə mübahisə etdiklərini, onları sakitləşdirərək həmin yerdən uzaqlaşdıqlarını, Samirin ünvansız nalayiq ifadələr işlədərək “Kapitalbank” tərəfə getdiyini, Öztürklə onun arxasınca getdiklərini, Samirin “Kapital bank”ın içində də ünvansız nalayiq ifadələr işlətdiyini, Samir spirtli içki qəbul etdiyindən onların qanuni tələbiə tabe olmadığını, həm içkili, həm də əsəsbi olduğundan onu sakitləşdirməyin mümkün olmadığını, onu protokol tərtib edilməsi üçün Şərur RPİ-yə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X3 ilə eyni məzmunda izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 31 nömrəli sərxoşluq halının müəyyən edilməsi protokolundan görünür ki, Şəxs 1.46 promil dərəcəsində sərxoşdur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(110)-108/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, həmçinin inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını, əvvəl tətbiq edilmiş inzibati cərimə tənbeh növündən nəticə çıxarmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli məhkəmə qərarının verildiyi tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını, şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını nəzərə alıb ona minimum həddə inzibati həbs tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar