Məhkəmə qərarları › İş №3(110)-6/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-6/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-6/2022 18.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Şərur rayon Aşağı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 17.01.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində həmkəndlisi X2 həyətinə girərək, 2 ədəd səsgücləndirici kalonka oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 17.01.2022-ci il tarixində saat təxminən 10:30 radələrində əmisi oğlu X2 evinin yanından keçərkən onun həyətində iki ədəd səsgücləndirici gördüyünü, həyətə girərək həmin kalonkaları götürüb əvvəlcədən tanıdığı Könül adlı qadına istifadə etməsi üçün verdiyini, təxminən 5-6 saat sonra kəndin sahə inspektorunun ona zəng edərək, yanında dəvət etdiyini və ondan səsgücləndiriciləri soruşduğunu, səsgücləndiricilərdən xəbəri olmadığını dediyini, sonra onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada sorğu-sual etdikdən sonra başqa çıxış yolunun olmadığını görüb, səsgücləndiriciləri götürüb qabaqcadan tanış olduğu Könül adlı şəxsə verdiyini etiraf etdiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında qardaşı X2 Türkiyə Respublikasına getdiyindən evinə ona baxmağı ona tapşırdığını, mütəmadi olaraq həftədə bir-iki dəfə gedib evə baxdığını, 17.01.2022-ci il tarixdə saat təxminən 15:30 radələrində həmin evə baxmaq üçün getdiyini, həyətə baxan zaman “Ailipu” markalı səsgücləndiricilərin yerində olmadığını gördüyünü, həmi vaxt kəndin sahə inspektoruna zəng edərək ona bildirdiyini, təxminən 5-10 dəqiqə keçdikdən sonra polis əməkdaşlarının oraya gəldiyini, araşdırma aparıldıqdan sonra səsgücləndiriciləri əmisi oğlu Şəxs oğurladığının müəyyən olunduğunu, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin səsgücləndiricilərin ona qaytarıldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X9 izahatında 17.01.2022-ci il tarixdə əvvəlcədən tanıdığı Şəxs ona zəng edərək, onda iki ədəd səsgücləndirici kalonkaının olduğunu və onları ona vermək istədiyini bildirdiyini, həmin gün saat 13:00 radələrində təkrar ona zəng edərək, səsgücləndiriciləri qapının arxasına qoyduğunu və onları götürməyini bildirdiyini, qapını açdığı zaman qapının arxasında iki ədə səsgücləndiricinin olduğunu gördüyünü və onları götürüb evə qoyduğunu, bir neçə saat keçdikdən sonra polis əməkdaşlarının onun evinə gəldiyini, Şəxs ona saxlaması üçün hər hansı bir əşya verib-vermədiklərini soruşduqlarını, o da cavabında bir neçə saat əvvəl Şəxs ona zəng edərək, iki ədəd səsgücləndiricini qapının arxasında qoyduğunu və onları götürməsini dediyini, həmin səsgecləndiriciləri götürərək evə qoyduğunu polis əməkdaşlarına dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X10 izahatında 17.01.2022-ci il tarixdə saat 16:50 radələrində həmkəndlisi X11 ilə Aralıq kənd mərkəzində durduqlarını, həmin vaxt kənd ərazisində xidmət aparan polis əmkdaşlarının onlara yaxınlaşıb hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etdiklərini, onların xahişini qəbul etdiklərini, onlara hüquq və vəzifələrinin izah olunduqdan polis əməkdaşları ilə birlikdə Şəhəri, Heydər Əliyev prospekti, bina 34, mənzil 25 ünvanında kirayə yaşayan X5 evinin salonuna baxış keçirildiyini, baxış zamanı mənzilin salonundan 2 ədəd “Ailipu” markalı səsgücləndiricinin onların iştirakı ilə götürüldüyünü, həmin səsgücləndiricilərin fotoşəkillərinin çəkilərək, protokola əlavə olunduğunu, protokol onlar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X11 da, şahid X6 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətəndə 17.01.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində həmkəndlisi X2 həyətinə girərək2 ədəd “Ailipu” markalı səsgücləndirici oğurlamaqla ona maddi ziyan vurduğuna görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarına əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilən zaman, 2 ədəd “Ailipu” markalı səsgücləndirici aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılaraq, protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 0085 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2022-ci il tarixdə saat 1830-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur rayon Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 18.01.2022-ci il tarixli aktdan görünür ki, 2 ədəd “Ailipu” markalı səsgücləndiricinin faktiki bazar qiyməti hər biri 35 manat olmaqla, ümumi dəyəri 70 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin baş polis sahə inspektoru, X8 tərəfindən tərtib edilmiş 18.01.2022-ci il tarixli, 010120 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.01.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində həmkəndlisi X2 həyətinə girərək, 2 ədəd səsgücləndirici kalonka oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan 18.01.2022-ci il tarixli aktdan görünür ki, 2 ədəd “Ailipu” markalı səsgücləndirici X3 təhvil verilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Eyni zamanda inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilə bilər. İnzibati xəta törədən şəxs Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi qanuni, ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar