Məhkəmə qərarları › İş №3(110)-6/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-6/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-6/2024 23.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və protokolu tərtib edən şəxsin iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1993-cü ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Yengicə kənd sakini Şəxs etibarnamə ilə idarə etdiyi “Peugeot” markalı avtomobillə xx.xx.2023-cü il tarixdə Çərçiboğan kəndi ərazisində hərəkətdə olarkən sürət həddini aşaraq X7 idarə etdiyi at arabasına çırpılmış, nəticədə at arabasında olan 2010-cu il təvəllüdlü azyaşlı X1 qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almış, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin və protokolu tərtib edən şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, sürücülük fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Peugeot” markalı avtomobil ilə yaşadığı evdən çıxıb Kəngərli rayon Qarabağlar kəndinə yola düşdüyünü, avtomobildə X9, X2 və X4 olduğunu, 70-80 km/saat sürətlə hərəkət etdiyini, Çərçiboğan kəndi ərazisində anidən at arabası ilə qarşılaşdığını, məsafənin az olduğunu, özünü saxlaya bilmədiyini, avtomobilin sağ tərəfinin at arabasının sol arxa tərəfinə dəydiyini, arabada 2 nəfərin olduğunu, yaşca balaca olan şəxsdə xəsarət müşahidə olunduğunu, sonra polis əməkdaşlarının gəlib hadisə yerinə baxış keçirdiyini və şəxsin xəstəxanaya aparıldığını, əməlindən peşman olduğunu, zərərçəkənin valideynləri ilə barışıq əldə olunduğunu, himayəsində 3 azyaşlı uşağın olduğunu, həmin avtomobillə ailəsini dolandırmaq üçün Türkiyə Respublikasına gedib ticarətlə məşğul olduğunu bildirib barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı: Məhkəmədə iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi avtomobilin oğlu Şahlar İbrahimovun olduğu at arabasına çırpıldığını, nəticədə oğlunun bədən xəsarəti aldığını, oğlunun müalicə və müayinə xərclərinin Şəxs tərəfindən qarşılandığını, onunla barışdıqları üçün heç bir şikayətinin olmadığını bildirmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Naxçıvan MR İnzibati təcrübə üzrə inspektor polis baş leytenantı X8 izahatında xx.xx.2023-cü il tarixdə Şəxs Çərçiboan kəndində nəqliyyat hadisəsi törətdiyini, belə ki avtomobilin at arabasına çırpıldığını, bu zaman at arabasında olan azyaşlı zərərçəkmiş şəxs Şahlar İbrahimovun sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ekspert rəyi ilə təsdiqini tapdığını, həmin yolda avtomobilin 60 km/saat surətlə hərəkət etməli olduğu halda daha yüksək sürətlə hərəkət etdiyini, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1783 saylı ekspert rəyindən görünür ki, azyaşlı X3 bədən xəsarəti qərarda ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 364 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Qanuni nümayəndə Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində 3 azyaşlı uşağın olduğunu, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar