Məhkəmə qərarları › İş №3(110)-60/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-60/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-60/2020 15.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, satıcı, 3-cü qrup əlilliyi olan, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Şərur rasyon Qışlaqabbas kəndində yaşadığı evdə spirtli içki içmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə günorta radələrində yaşadığı evdə spirtli içki qəbul etdiyini, sonra həyat yoldaşı ilə mübahisə etdiyini, bir müddət keçdikdən sonra qaynatası və qaynanasının gəlib həyat yoldaşını və uşaqlarını apardığını, onun spirtli içkinin təsirindən özünü idarə etməkdə çətinlik çəkdiyini, bölməsinin rəisi Orxan müəllimi yaşadığı evə çağırdığını, sonra əsəbi olduğundan yaşadığı evi dağıdıb yandırmaq istədiyini, hətta öz həyatına belə qəsd etmək istədiyini, bunu görən polis əməkdaşlarının onu sakitləşməyə nizam intizama dəvət etməyə başladıqlarını, lakin onun spirtli içkinin təsirindən polislərin qanuni tələblərinə tabe olmadığını, öz hərəkətlərini davam etdirdiyini, polis əməkdaşlarının onu İbadulla Polis bölməsinə gətirdiklərini, üzərində şəxsi axtarış keçirildiyini, axtarış nəticəsində onun üzərindən hər hansı bir predment və əşyanın aşkar edilmədiyini və götürülmədiyini bildirərək, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən DİO-da xidmətə qəbul olmuş, həmin ildən də Şərur rayon Polis şöbəsinin İbadulla Polis bölməsində post patrul xidmətinin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Şərur rayon Qışlaqabbas kəndində ailə münaqişəsi olduğundan həmin ünvana çağrıldığını, ora çatan zaman həmin kənd sakini Şəxs sərxoş halda özünə məxsus evi yandırmaq istədiyini və uca səslə qışqır-bağır saldığını gördüyünü, o və digər əməkdaşların Şəxs nizam-intizama dəvət etmək istədiklərini, lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadığını və öz hərəkətlərini davam etdirdiyini, bu səbəbdən də həmin şəxsin onlar tərəfindən İbadulla Polis bölməsinə gətirildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X5 da, şahid X1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə günorta radələrində Qışlaqabbas kəndinə yaşadığı evdə spirtli içki qəbul etmiş, sonra həyat yoldaşı ilə mübahisə etmiş, daha sonra ora gələn polis əməkdaşları onu sakitləşməyə, nizam-intizama dəvət etməyə başlamış, lakin o, spirtli içkinin təsirindən polislərin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən heç bir əşya və predment aşkar olunmamışdır. İş materialında olan xx.xx.2020-ci il tarixli 194 saylı alkoqolun qəbulu və sərxoşluq halını təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etmiş və alkoqolun sərxoşluğu ağır dərəcə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında 0070 saylı protokola əsasən, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 1905-də inzibati qaydada tutulmuşdur. İş materialında olan xx.xx.2020-ci il tarixli 007953 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalı və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən saat 19 05-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 19 05-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar