Məhkəmə qərarları › İş №3(110)-62/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-62/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-62/2024 27.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1975-ci ildə Şərur rayon Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon Xanlıqlar kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-503/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şərur rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yeri üzrə qeydiyyatda olan X2 xeyrinə ödənilməsinin göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, cəmi 1180 manat borcu yaranmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri barədə məlumatlı olmadığını, indiyədək icra sənədi üzrə borcundan 80 manat ödədiyini, 1180 manat borcu qaldığını, polis tərəfindən tutularaq gətirildiyini, icra məmurundan icazə alıb pul tapmaq üçün getdiyini, buna görə məhkəmə prosesinə vaxtında gələ bilmədiyini, hazırda 400 manat borc alıb ödədiyini, qalan borcunu isə 3 ay müddətinə tam ödəyə biləcəyini bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun düzgün danışmadığını, icra sənədi barədə məlumatı olduğunu, bildirişlə yanaşı telefonla şəxsən özü ilə danışdığını, xəbərdarlıq etdiyini, buna baxmayaraq borclunun borcundan cəmi 80 manat ödəniş etdiyini, 1180 manat borcunun yarandığını, tələbkarın da şikayət etdiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədlərinin icrasından boyun qaçırdığını, buna görə də onun barəsində axtarış elan edildiyini, polis tərəfindən Bakı şəhərindən tutularaq icra qurumuna təhvil verildiyini, bir daha borcunu ödəməsinin təklif edildiyini, lakin heç bir üzürlü səbəb göstərmədən ödəmək istəmədiyindən barəsində inzibati protokol tərtib edildiyini, hətta protokol tərtib edilib məhkəməyə göndərildikdən sonra pul tapıb ödəmək üçün 1 saat icazə istədiyini, lakin gedib gəlmədiyini, buna görə məhkəmə prosesinin də gecikdiyini, yenidən polisə müraciət edildiyini və polis tərəfindən olduğu yerin müəyyən olunaraq yenidən icra qurumuna təhvil verildiyini, hazırda 100 manat polisin axtarış xərci və 400 manat aliment borcu olmaqla borcundan ödəniş etdiyini, bundan sonra tələbkarla əlaqə saxladığını, tələbkarın həmin məbləğlə razı olmadığını, hətta borclunun zəng edərək onu təhdid etdiyini, alimentdən imtina etməsini tələb etdiyini, bu barədə polisə də müraciət etdiyini, buna görə də borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 503/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yeri üzrə qeydiyyatda olan X2 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, aliment borcundan bir qismini ödəməsini, eyni zamanda işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində minimum həddə inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar