Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-64/2022 23.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 125.2-ci və 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs inzibati tənbeh vermə haqqında qərarın təqdim edilməsinə və ya onun elektron qərar barədə məlumatlandırılmasına dair sübutlar və həmin qərarın surəti inzibati xəta haqqında materiallara əlavə edilməmişdir. Buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasşı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibinin yaranması üçün qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməlidir. Qərarın qanuni qüvvəyə minməsi isə şikayət vermə müddətinin bitdiyi gündən, şikayət müddətinin bitməsi isə şəxsin İXM-in 125.2-ci maddəsində nəzərdə tutulan qayada məlumatlandırıldığı vaxtdan hesablanır. Beləliklə, şəxsin məlumatlandırılmasına dair sübutlar olmadıqda işə baxılması və xətanın baş verib vermədiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə eyni zamanda izah edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə müraciət edilməsi mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana - Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-64/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-64/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver