Məhkəmə qərarları › İş №3(110)-65/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-65/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-65/2023 28.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanunu nümayəndəsi X3 və zərərçəkmiş şəxs X2 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2005-ci ildə Şərur rayonu, Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu Tənənəm kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs barəsində (fin:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə X2 Şərur şəhərində yerləşən hədiyyə mağazasından dəyəri 45 manat olan 1 ədəd elektron qəlyan oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında 11-ci sinif şagirdi olduğunu, xx.xx.2023-cü il tarixdə Şərur şəhərinə fizika fənnindən məşğələyə gəldiyini, məşğələ bitdikdən sonra kənd maşrutunun getməsinə xeyli vaxt qaldığı üçün hədiyyələr mağazasına getdiyini, mağazanın sağ hissəsində vitrində elektron qəlyanlar olduğunu gördüyünü, qiyməti 75 manat olan bir qəlyanın xoşuna gəldiyini, onu almaq üçün kifayət qədər pulu olmadığından oğurlamaq qərarına gəldiyini, mağaza sahibinin ona baxmadığını görüb qəlyanı cibinə qoyduğunu, bu vaxt mağaza sahibinin onu yanına çağırıb qəlyanı cibindən çıxartmağı bildirdiyini, qəlyanı cibindən çıxarıb mağaza sahibinə verdiyini, sonra polis əməkdaşlarının mağazaya gəldiklərini, valideynlərinə zəng vurub xəbər verdiklərini, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndənin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunu nümayəndəsi X5 izahatında həmin vaxtı Bakı şəhərində olduğunu, maddi vəziyyətinin yaxşı olduğunu, 2 uşağının olduğunu, Əzimin dərslərini yaxşı oxuduğunu, niyə bu cür əməl etdiyini bilmədiyini, əvvəllər belə hərəkətləri olmadığını, heç vaxt polisdə saxlanılmadığını, həmişə özünün onu tənbeh etdiyini, Əzimin məktəbli olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 izahatında və verilmiş suallara cavabında Şərur şəhəri ərazisində hədiyyələr mağazasını kirayə işlətdiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayon Tənənəm kənd sakini Şəxs həmin mağazaya gəldiyini, onun 1 ədəd elektron qəlyanı cibinə qoyduğunu gördüyünü, ona cibindən çıxartmağı bildirdiyini, onun isə qiymətini soruşduğunu bildirdiyini, bu zaman polis çağırdığını, polisə izahat verdiklərini, həmin gün Əzimin oraya 3 dəfə gəldiyini, Əzimi bağışladığını, ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şərur şəhərində yerləşən “Hədiyyələr” mağazasından 1 ədəd elektron qəlyan qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 1 ədəd elektron qəlyanın hazırda orta bazar qiyməti 45 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, şəxsin barəsində toplanmış 67 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs zərəçəkmiş şəxs X4 ilə barışmış və inzibati xətanın predmetini polisə təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 49-51, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar