Məhkəmə qərarları › İş №3(110)-66/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-66/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-66/2022 21.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyraniva Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1960-cı ildə Şərur rayonu, Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Ələkli kənd sakini Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Şərur rayon Gümüşlü kəndində Şərur rayon Danyeri kənd sakini X3, Babək rayon Buzqov kənd sakini X1 ilə birlikdə ictimai qaydanı pozmuş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında təxminən 2 gün bundan qabaq köhnə tanışları olan Ruslan Məmmədov və Hüseyn Vəliyev ilə danışıb xx.xx.2022ci il tarixdə görüşüb Şərur rayon Gümüşlü kəndinə gedərək orada yerləşən gölün qırağında yeyib-içib, istirahət etmək barədə razılığa gəldiklərini, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində X7 rayon Ələkli kəndində yerləşən yaşadığı evə idarə etdiyi avtomobili ilə gedərək onu evdən götürdüyünü, birlikdə Şərur rayon Danyeri kəndinə Hüseyn Vəliyevin evinə getdiklərini, onlardan əlavə meyvə və yemək götürüb Hüseynə məxsus olan “Niva” markalı avtomobil ilə Şərur rayon Gümüşlü kəndinə getdiklərini, həmin yerdən gölün ərazisinə keçmək istəyən zaman polis əməkdaşlarının onlara yaxınlaşdığını, həmin ərazinin qadağan olunmuş ərazi olduğu barədə xəbərdarlıq etdiklərini, onların polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiklərini və gölü keçməyə cəhd etdiklərini, bu zaman polis əməkdaşlarının oraya polis naryadı çağırıb onları Şərur RPİ-yə apardıqlarını bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 10:00-da Şərur rayon Gümüşlü kəndində xidmət aparan zaman 3 nəfər tanımadığı şəxsin gölün qadağan olunmuş hissəsindən keçmək istədiyini görüdüyünü, ərazinin polis sahə inspektoru ilə birlikdə həmin ərazinin qadağan olunmuş ərazi olduğunu bildirdiklərini, lakin həmin şəxslərin onların qanuni tələbinə qəsdən tabe olmayaraq həmin əraziyə keçməyə cəhd etdiklərini, polis naryadına zəng edərək hadisə yerinə çağırdığını, PPX avtomobili gəldikdən sonra həmin şəxsləri Şərur RPİ-yə apardıqlarını, hal şahidlərinin iştirakı ilə onların üzərinə baxış keçirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində xidmətdə olan zaman Şərur rayon Gümüşlü kəndində xidmətə çıxan polis nəfərinin ona zəng edərək Şərur rayon Gümüşlü kəndində 3 nəfər tanımadığı şəxsin onun qanuni tələbinə qəsdən tabe olmadığını bildirdiyini, PPX avtomobili ilə həmin yerə getdiyini və həmin 3 nəfəri xidməti avtomobili ilə Şərur RPİ-yə apardığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 0098 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərində hər hansı bir əşya aşkarlanmadı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar