Məhkəmə qərarları › İş №3(110)-7/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-7/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-7/2024 09.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şərur rayon Aşağı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər inzibati məsuliyətə cəlb olunmamış, Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon Aşağı Aralıq kəndində təxminən 3 ay bundan qabaq həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında təxminən 2 il əvvəl həyat yoldaşı Zərərçəkmiş şəxs başqa şəxslərlə telefonda danışdığını görüb əsəbləşdiyini, əlindəki mətbəx bıçağı ilə Nurtəkini qorxutmaq üçün “səni kəsərəm” sözlərini dediyini, Nurtəkinin cavabında ona “kəsməsən kişi deyilsən” sözlərini dediyini, bıçaqla onun qolunun arxa hissəsini kəsdiyini, daha sonra barışıb bir ailədə yaşadıqlarını, təxminən 3 ay əvvəl Nurtəkinin başqa şəxslərlə danışdığını gördüyünü, bu zaman onun evdən çıxıb getməsini tələb etdiyini, aralarında heç bir münaqişə olmadığını, Nurtəkini döymədiyini, ona xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında təxminən 2 il əvvəl həyat yoldaşı Şəxs ilə aralarında mübahisə olduğunu, Camalın bıçaqla onun qolunu kəsdiyini, daha sonra barışıb bir ailədə yaşadıqlarını, təxminən 3 ay əvvəl həyat yoldaşı ilə aralarında yenidən münaqişə olduğunu, lakin bu zaman Camalın ona heç bir xəsarət yetirmədiyini, onu döymədiyini, Şərur Rayon Polis idarəsinə gedərək, 2 il əvvəl olan hadisə nəticəsində qolundakı kəsiyi polis əməkdaşlarına göstərdiyini, Camalın barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X1 ifadəsində Şəxs onun qonşusu olduğunu, təxminən 2-3 ay əvvəl onların mübahisə etdiklərini eşitdiyini, onların həyətinə getdiyini, Nurtəkin və Camalın həyətdə olduqlarını gördüyünü, Camalın Nurtəkini döyməsini görmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını, eyni zamanda iş materialında olan ekspert rəyini tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsi döyməsi öz təsdiqini tapmır, ona görə də, hazırkı vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan: - Məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir - xx.xx.2023-cü il tarixli, 1829 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı, sol bazusunda səthi kəsilmiş yara yeri kəsici alət təsirindən törənmişdir, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlığına görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsində araşdırılan 559 saylı material əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsi İbadulla Polis Bölməsi polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 017813 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Aşağı Aralıq kəndində təxminən 3 ay bundan qabaq həyat yoldaşı Zərərçəkmiş şəxs döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar