Məhkəmə qərarları › İş №3(110)-71/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-71/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-71/2021 12.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Şərur rayon Məmmədsabir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Məmmədsabir kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 12.10.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 12.10.2021ci il tarixdə saat təxminən 09:15 radələrində oğlunun aliment borcunu ödəmək məqsədilə Şərur Rayon Məhkəməsinə getdiyini, icra məmuru Arif Əliyevin xidməti otağında olan zaman X1 da içəri girdiyini, ödədiyi 240 manat aliment borcunu Arif müəllimin Tinatinə verdiyini, Arif müəllimə Tinatinə söz demək istədiyini bildirdiyini, ona “sən niyə başqa yerlərə zəng edib aliment pulunu almamışam, qaynatam əşyaları da vermir deyirsən” dediyini, bundan sonra aralarında mübahisə yarandığını, Tinatinin ona qarşı nalayiq ifadələr işlətdiyini, onun üzünə tüpürdüyünü, o da hirsini cilovlaya bilməyib Tinatinin üzünə tüpürdüyünü və oradan çıxıb getdiyini, daha sonra polis əməkdaşlarının onu Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindın peşman olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 2008-ci ildə Şərur rayon Məmmədsabir kənd sakini X5 ilə ailə qurduğunu, lakin yola gedə bilmədiklərindən 2020-ci ilin dekabr ayından faktiki ayrıldıqlarını, 2020-ci ilin mart ayından bəri aliment aldığını, 12.10.2021-ci il tarixdə alimenti almaq üçün Şərur Rayon Məhkəməsinə gəldiyini, orada qaynatası Şəxs ilə qarşılaşdıqlarını, icra məmuru Arif Əliyevin otağına gedib aliment pulun alan zaman Şəxs onun üzünə tüpürdüyünü, sonra onun ünvanına nalayiq ifadələr işlətdiyini, söydüyünü, onu vurmaq istəyən zaman Arif Əliyevin onu sakitləşdirdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X14 izahatında 2012-ci ildən Şərur rayon İcra və Probasiya şöbəsini icra məmuru vəzifəsində işlədiyini, 12.10.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında yerləşən xidməti otağında olan zaman Şərur rayon Məmmədsabir kənd sakini Şəxs içəri daxil olduğunu, oğlu X3 245 manat aliment borcunu ödəməsi üçün ona təqdim etdiyini, sonra qarşı tərəfin ora gələcəyini Şəxs bildirərək ondan getməsini tələb etdiyini, Cəfərin otaqdan çıxıb getdiyini, onun ardınca X1 otağa daxil olduğunu, daha Şəxs da otağa daxil olaraq Tinatin Məmmədovanın üzərinə hücum çəkdiyini, onun üzünə tüpürdüyünü, ona qarşı nalayiq ifadələr işlətdiyini, Cəfəri sakitləşdirərək məhkəmənin binasında bayıra çıxardığını, Şəxs yenə öz hərəkətlərinə davam etdiyini, daha sonra bu barədə akt tərtib olunaraq Şərur Rayon Polis şöbəsinə təqdim olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X7 da, şahid X10 verdiyi izahat ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis şöbəsinin İTB-nin baş polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, 010105 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.10.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Rayon Məhkəməsinin inzibati binasında uca səslə səs-küy salaraq ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 12.10.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında uca səslə səs-küy salaraq ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 oktyabr 2021-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 30.3- cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; - 31.4- cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4 (dörd) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar