Məhkəmə qərarları › İş №3(110)-77/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-77/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-77/2023 07.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayonu, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 012357 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2-42-2007 sylı 12 fevral 2007-ci il tarixli icra vərəqəsində təyin olunmuş aylıq qazancının 25%-i miqdarında alimenti ödəməkdən yayınmış və bu günə olan aliment borcu 10548 (on min beş yüz qırx səkkiz) manat təşkil edir. İcra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə məlumatının olduğunu, uzun illərdir Rusiya Federasiyasında yaşadığını, qızını keçən il tapdığını, hissə-hissı ona kart vasitəsilə ümumilikdə 1000 manat pul göndərdiyini, hal-hazırda borclu olduğu məbləği ödəməyə maddi imkanının olmadığını, tələbkar razılaşarsa, aliment borcunu hissə-hissə ödəyə biləcəyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2-42-2007 saylı xx.xx.2007-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs aylıq qazancının 25%-nin 09 fevral 2007-ci il tarixdən başlayaraq tutulub 19 dekabr 1999-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsinin əmr edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, onun barəsində axtarış qərarı çıxarıldığını, xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onu Şərur rayon İcra və Probasiya gətirərək təhvil verdiklərini, bu günə qədər aliment borcunu ödəmədiyini, alimenti borcunu hissə-hissə ödəmək istədiyini, lakin tələbkarın buna razı olmadığını, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin tam şəkildə icrasından boyun qaçırıldığını, icra sənədi üzrə borcunun cəmi 10548 manat olduğunu, indiyədək icra sənədi üzrə ümumiyyətlə ödəniş etmədiyini, tələbkarın tez-tez zəng edərək borcunun ödənilməsini tələb etdiyini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs və X1 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2-42-2007 saylı xx.xx.2007-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur rayon Mahmudkənd kəndində Şəxs aylıq qazancının 25%-nin 09 fevral 2007-ci il tarixdən başlayaraq tutulub 19 dekabr 1999-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsinin əmr edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə) protokoldan görünür ki, Şəxs Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə xəbardarlıq edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 012357 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 10548 manat aliment borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, əməkhaqqı və sosial ödəniş almır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, indiyədək icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar