Məhkəmə qərarları › İş №3(110)-78/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-78/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-78/2024 13.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şərur rayon 2 nömrəli tam orta məktəbinin psixoloq X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, dediyinə görə əvvəllər məhkumluğu olmamış, işsiz, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində ictimai qaydaları pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə oğlu İsmayılın 13:00 radələrində məktəbdən evə gələrək ona Günel müəllimənin oğlu Əlinin söyüş söydüyünü dediyini, onun da oğlu İsmayılı hazırlığa aparan zaman təxminən saat 14:00 radələrində “Sünbül” marketin yaxınlığında oğlunun ona söyüş söyən Əlini gördüyünü dediyini və onun da avtomobil saxlayaraq Əlidən oğlu İsmayılı nə üçün söydüyünü soruşduğunu, onun da ona İsmayılı söymədiyini bildirdiyini, Əliyə bir də oğlu İsmayıla söyüş söyməməsini dediyini, başqa heç bir söz demədiyini və əgər söyüş söysə onu döyəcəyi barədə izahat vermədiyini dediyini bildirmişdir. Məhkəmədə iclasında Şərur rayon 2 nömrəli tam orta məktəbinin psixoloq X2 iştirakı ilə şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində müəllimələri Günel müəllimənin sinifə oğlu Əli ilə bilrikdə gəldiklərini, Əlinin arxa partaya keçərək boş stulda əyləşdiyini, sonra müəllimələrinin sinifdən çıxdığını və Əlinin onun kurtkasını yerə atdığını, onun da ona mənim kurtkamı niyə yerə atdığını dediyini və onun ona tərbiyəsiz söyüş söydüyünü, onun da müəllimə Əli mənə söyüş söydü dediyini və müəllimənin ona cavab vermədiyini, dərs bitdikdən sonra onun evə gələrək atasına Əlinin onu söydüyünü bildirdiyini, yolda atası ilə birlikdə gedərkən onu döyən Əlini gördüyünü atasına bildirdiyini, atasının avtomobili saxladığını, atasının Əliyə onu niyə söydüyünü dediyini, bir daha onu söyərsə onu döyəcəyini bildirdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak etməkdən imtina etmiş X8 iş materiallarında olan izahatından görünür ki, o, Şərur Rayon Polis idarəsində izahat verərkən xx.xx.2024-cü il tarixdə məktəbdə olan zaman təxminən 12:00 radələrində halının pisləşdiyi üçün məktəbdə müəllimə işlədiyi anasının yanına getdiyini, sinifə daxil olan zaman ürəyinin qalxdığını və ağzından su gəlməyə başladığını, anasının tez dəsmalı ilə onun ağzını sildiyini və dərsin sonu olduğu üçün onu götürərək evə gəldiyini, biraz dincəldikdən sonra saat 14:15 radələrində ondan 4 yaş böyük olan qardaşı İsrafilin onu hazırlığa aparmaq məqsədi ilə onunla getdiyini, yolda Yaşıl bazarın yanında bir avtomobilin yanlarında dayanaraq ona siz Əlisiniz? dediyini, onun da ona bəli dediyini, onun ona mənim uşağıma sən söymüsən? “əgər sən söymüsənsə səni alaram başıma çırparam yerə pox kimi dağılarsan” deyə bildirdiyini, onun da “axı sizin uşağınıza heçnə deməmişəm” deyə bildirdiyini, onun üzərinə gələrək onu vurmaq istəyən zaman qardaşı İsrafilin araya girərək onu vurmağa qoymadığını, qardaşının əgər vursanız avtomobilinizin nömrəsini götürmüşəm sizi polsiə şikayət edəcəyəm deyə bildirdiyini, həmin şəxsin polis kimdi kimə deyirsiniz deyin mən heç kimdən qorxmuram dediyini, sonra avtomobilinə əyləşərək sükana 4-5 dəfə vurduğunu və avtomobili sürərək getdiyini, onların da nənələrinin evi yaxınlıqda olduğundan onlara getdiklərini, hadisəni nənələrinə danışdıqlarını, sonra nənəsinin onu hazırlıq müəlliminin yanına qoyaraq qardaşı ilə birlikdə polis idarəsinə getdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak etməkdən imtina etmiş X3 iş materiallarında olan izahatından görünür ki, o, Şərur Rayon Polis idarəsində izahat verərkən – xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində ondan 4 yaş balaca olan qardaşı Əlinini hazırlığa aparmaq məqsdəi ilə evdən çıxdıqlarını, yolda Yaşıl bazarın yanında bir avtomobilin yanlarında dayanaraq qardaşına “siz Əlisiniz?” dediyini, qardaşının da “bəli” dediyini, həmin şəxsin “mənim uşağıma sən söymüsən?” “əgər sən söymüsənsə səni alaram başıma çırparam yerə pox kimi dağılarsan” deyə bildirdiyini, qardaşının da ona “axı mən sizin uşağınıza heçnə deməmişəm” deyə bildirdiyini, qardaşının üzərinə gələrək onu vurmaq istəyən zaman onun araya girərək vurmağa qoymadığını, onun “əgər vursanız avtomobilinizin nömrəsini götürmüşəm sizi polisə şikayət edəcəyəm” deyə bildirdiyini, həmin şəxsin “polis kimdi kimə deyirsiniz deyin mən hç kimdən qorxmuram” dediyini, sonra avtomobilinə əyləşərək sükana 4-5 dəfə vurduğunu və avtomobili sürərək getdiyini, onların da nənələrinin evi yaxınlıqda olduğundan onlara getdiklərini, hadisəni nənəsinə danışdıqlarını, sonra nənəsinin Əliyə su verdiyini, onu sakitləşdirdiyini və hazırlıq müəlliminin yanına qoyaraq onunla birlikdə polis idarəsinə gəldiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, iş materialında olan “CD”-də əks olunmuş video görüntülərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin avtomobildən yerə yenmədiyi müəyyən edilmiş, eyni zamanda uşaqların dediyi kimi uşaqların üzərinə gedərək onlara fiziki güc tətbiq etmək istəməsi və hədələməsi öz təsdiqini tapmamışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində ictimai qaydaları pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar