Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-85/2023 19.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-cü maddəsi ilə 18 aprel 2023-cü il tarixli, 009075 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şərur rayon Düdəngə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndinin çöllük ərazisində 1 ədəd tapan oğurlamışdır. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar tədqiq edilərkən müəyyən edilmişdir ki, Şərur rayon Düdəngə kənd sakini Şəxs Şərur rayon Zeyvə kənd sakini X5 ilə birlikdə Şərur rayon Zeyvə kənd sakini X1 məxsus bir ədəd 1 ədəd tapanı oğurlamaqla zərərçəkmiş şəxsə 150 manat məbləğində maddi zərər vurmuşlar. Müəyyən edilmişdir ki, qeyd edilən faktla bağlı zərərçəkmiş şəxslər Zeyvə kənd sakini X4 daxili işlər orqanlarına müraciət etmiş, onun müraciəti əsasında Şərur Rayon Polis İdarəsində müvafiq araşdırma aparılmış və Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şərur rayon Zeyvə kənd sakini X2 və Şərur rayon Düdəngə kənd sakini Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün qərarın surətinin Şərur Rayon Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi qeyd edilən qərar əsasında müvafiq araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallara görə Şəxs oğlunun əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Çünki məhkəməyə təqdim edilmiş materiallara əsasən müəyyən edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə 100 manatdan yuxarı məbləğdə maddi ziyan vurulmuşdur. Belə ki, inzibati xəta haqqında materiala əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 348 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 02 ədəd hər biri 6 metr uzunluğunda, ümumi çəkisi 0.6 ton olan dəmir reyslər metal qırıntı kimi dəyəri 150 manatdır (600 kq x 0.25). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; - 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir; - 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2023cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur rayon Zeyvə kənd sakini X2 və Şərur rayon Düdəngə kənd sakini Şəxs barələrində toplanmış 74 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Həmçinin olunmuş inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə adı hallanan X3 hərəkətlərində inzibati və ya cinayət tərkibinin olub-olmamasına istintaq orqanı tərəfindən münasibət bildirilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs 150 manat dəyərində özgənin əmlakını gizli yolla talaması inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bu səbəbdən də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş fakt üzrə cinayət əlamətlərinin olubolmamasının araşdırılması üçün Şərur Rayon Prokuroruna göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material aşkar edilmiş fakt üzrə cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Şərur Rayon Prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-85/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-85/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver