Məhkəmə qərarları › İş №3(110)-86/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-86/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-86/2025 02.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 5 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Cəlilkənd kəndində duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə Şərur rayon Cəlilkənd kəndində X5 qarşı fiziki güc tətbiq edərək döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında bildirmişdir ki, Şərur rayon Cəlilkənd kəndində yaşayıram. Bildirmək istəyirəm ki, mən 2 ildir ki, Şərur rayon Cəlilkənd kənd mədəniyyət evində xadiməçi kimi çalışıram. Mən çalışdığım yerin yanında yerləşən mağazada satıcı kimi həmkəndlim Nailə adlı qadın çalışır. Mənimlə onun arasında tez-tez mübahisə olur. O məni mənim onun əri Hüseyn adlı şəxslə münasibət qurduğumu deyir. Lakin, bizim aramızda elə bir hal baş verməmişdir. 18 fevral 2025-ci il tarixdə təxminən saat 14 radələrində mən evdən çıxıb kənd mərkəzindən keçib iş yerimə gedən zaman Nailə adlı qadın məni gördü və mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Mən kənarda olan adamların olduğunu görüb ona heçnə demədim. Daha sonra təxminən saat 18 radələrində mən işdən çıxıb evimə gəldim. Mən evdə olan zaman həyəti süpürürdüm. Bu zaman Nailə adlı qadın bizim evimizin yanından keçib evlərinə gedirdi. Mən onu görüb onu səslədim və nə üçün mənə söz atdığını soruşdum. Bu zaman o mənə qarşı yenə nalayiq ifadələr işlətdi. Mən ona tərbiyəli olmasını dedim. Bu zaman evdən mənim övladı Duyğu bizim yanımıza gəldi. Duyğunu görə Nailə onun saçlarından tutdu və ona qarşı nalayiq ifadələr işlətdi. Bundan sonra mən araya daxil oldum və Nailənin saçlarından tutdum. O da, mənim saçlarımdan tutdu. Bu zaman Duyğu oradan uzaqlaşıb evə daxil oldu. Mən də, Nailə ilə dalaşırdım. Biz bir-birimizə qarşı zərbələr endirirdik. Sonda o, yerdən "şifer" parçasını götürdü və mənim çiyin nahiyəmə zərbə endirdi. Bundan sonra biz mübahisəni dayandırdıq və o çıxıb evinə getdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X6 izahatında bildirmişdir ki, mən Şərur rayon Cəlilkənd kəndində yerləşən ticarət mərkəzində satıcı olaraq işləyirəm. 15 fevral 2025-ci il tarixdə bibimin qızı Arizə Qasımova vəfat etdiyindən 3 gün idi ki, mən kənddə deyildim. 18 fevral 2025-ci il tarixdə yas yerimiz bitdiyindən mən kəndə qayıtdım və öz işimə davam etmək məqsədi ilə ticarət mərkəzinə getdim. Saat 18-də iş saatım bitdiyindən mən işdən çıxdım ki evə gedim. Bu zaman qonşum X4 Məmmədovla qarşılaşdım. Həmin vaxt Adil Məmmədov mənə bizim televizorda kanallar itdiyindən məndən kanalların yığılıb yığılmadığını soruşdu və biz bu barədə söhbət edərək evə doğru getməyə başladıq. Yolda olarkən həmkəndlim Səmayə adlı şəxsin evlərinin önündən keçən zaman Səmayə adlı şəxs qızı və oğlu ilə küçədə dayandığını gördüm. Bu zaman onların yanından keçdikdə Səmayə adlı şəxs Adil Məmmədova sən bizim yanımızdan uzaqlaş mən Nailə ilə söhbət edəcəm sözlərini dedi. Ondan sonra Adil Məmmədov 3-4 addım getdi lakin Səmayə adlı şəxs yenidən Adil Məmmədova birazda uzaqlaş hətta sən çıx get biz ayıb söz danışacağıq sözlərini dedi. Ondan sonra Adil uzaqlaşıb getdi. Bu zaman Səmayə adlı şəxs mənə onun haqqında niyə orada- burada danışdığımı sual etdi. Daha sonra mən onun haqqında danışmadığımı onun barəsində danışmağımla əlaqədar məlumatı kimdən aldığını soruşdum. Bu zaman onun qızı mənim üzərimə gələrək mənim saçımdan tutdu və saçımı yolmağa başladı və məni yerə yıxıb üzərimə çıxdılar. Həmin vaxt Səmayə məndən iri və canlı olduğundan ona gücüm çatmadı lakin qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar. Daha sonra cibimdən necə çıxdığını bilmədim amma mobil telefonumu Səmayənin qızı götürüb yerə çırpmağa başladı və yararsız hala saldı. Bu zaman elə öz şəxsi avtomobili ilə qonşumuz Nəriman Osmanov keçərkən mənim döyülməyimi gördüyündən avtomobilini saxlayıb məni onların əlindən aldı və avtomobilə əyləşdirib evimə apardı. Daha sonra oğlum Emil Abbasov döyülməyim barədə məlumat alıb evə gəldi və 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi. Sonra izahatımın alınması üçün Şərur Rayon Polis İdarəsinə dəvət olundum. İş materialında olan: - xx.xx.2025-ci il tarixli, 75 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhti üzərində aşkar edilmiş xəsarətlər: sol baldırında sıyrıqlar küt mexanzmidən, bərk küt əşyanın (əşyasların) təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - xx.xx.2025-ci il tarixli, 122 nömrəli ekspert rəyindən görünür ki, Təqdim olunmuş 01 ədəd istifadədə olmuş (ekranı və arxa hissəində zədələri olan, ekran hissəsi yararsız) qara rəngli, "Redmi Note 13" markalı, 128 GB yaddaşlı mobil telefonun orta bazar qiyməti 65,00 (altmış beş) manat həcmində müəyyən olunur. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Cəlilkənd kəndində X5 qarşı fiziki güc tətbiq edərək döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Cəlilkənd kəndində X5 qarşı fiziki güc tətbiq edərək döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar