Məhkəmə qərarları › İş №3(110)-89/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-89/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-89/2021 09.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1977-ci ildə Şərur rayonu Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Muğanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 08.12.2021-ci il tarixdə saat 16:15 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında uca səslərlə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 08.12.2021-ci il tarixdə saat 16:00 radələrində Alışar kəndində uşaqlarının yanında olduğunu, həmin vaxtı kəndin polis sahə inspektorunun gələrək ona məhkəməyə gedəcəklərini dediyini, onun avtomobilinə əyləşib məhkəməyə gəldiklərini, orada icra rəisi Vüqar müəllimə yaxınlaşıb məhkəməyə nə üçün çağırıldığını soruşduğunu, Vüqar müəllimin ona sonra bilərsən dediyini, məhkəmə binasında onu 30 dəqiqə saxladıqlarını, daha sonra polis idarəsinə apardıqlarını, məhkəmə binasına gələndə içkili olduğunu, belə ki, bir butulka araq içdiyini, səbəbsiz olaraq məhkəməyə çağırıldığı üçün səs-küy saldığını, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 08.12.2021-ci il tarixdə saat 16:15 radələrində Şərur rayonu Muğanlı kənd sakini Şəxs aliment borcu ilə əlaqədar Şərur Rayon İcra və Probasiya Şöbəsinə çağrıldığını, onun sərxoş vəziyyətdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə gəlib inzibati binada ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu, buna görə də növbətçi icra məmuru tərəfindən akt tərtib olunmaqla polisə təhvil verildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 şahid X1 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında 08.12.2021-ci il tarixdə Şərur rayonu Muğanlı kənd sakini Şəxs aliment borcunun icrası ilə əlaqədar onunla əlaqə saxlaya bilmədiklərini, buna görə kəndin sahə inspektoruna vətəndaşın Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi üçün məlumat verdiyini, kəndin sahə inspektoru tərəfindən Şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərildiyini, Şəxs inzibati binaya daxil olan vaxtı nalayiq ifadələr işlədərək ucadan səsküy saldığını, növbətçi icra məmuru tərəfindən təlimata uyğun olaraq saxlanılaraq ictimai qaydanı pozduğu üçün onun barəsində akt tərtib olunduğunu və dərhal polisə təhvil verildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan 08.12.2021-ci il tarixli 0313 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08.12.2021-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 08.12.2021-ci il tarixli 125 nömrəli sərxoşluq halının təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1,62 promil olmaqla ağır dərəcəli sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməli sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli Şəxs tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 08.12.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar