Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-9/2025 15.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, "xxxx" ASC-də mütəxəssis işləyir, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə qardaşı Emin Əliyevin işi ilə maraqlanmaq üçün Şərur Rayon Məhkəməsinin inzibati binasına getdiyini, orada Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi Arif Əliyevə qardaşının keçmiş həyat yoldaşının evdən bu günə qədər niyə çıxarılmamasını soruşduğunu, Arif müəllimin çıxaracağıq dediyini, 4 aydan çoxdur qərarın verildiyini, bu günə gecikdirildiyi üçün əsəbləşdiyini, koridorda uca səslə danışdığını, icra məmurları ilə mübahisə etdiyini, daha sonra məhkəmənin sədri olduğunu bildiyi Mehdi Əliyevin oraya gəldiyini, onunla da mübahisə etdiyini, həmin vaxt onun məhkəmənin sədri olduğunu bilmədiyini, orada heç kimə qarşı nalayiq ifadə işlətmədiyini, işin icra olunması gecikdiyi üçün əsəbi olduğundan uca səslə danışdığını, icra məmurlarının sakitləşmə tələbinə tabe olmadığını, onu Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2025-ci tarixdə saat 12:30 radələrində xidməti otağında olarkən Şəxs məhkəmə gəldiyini, Arif Əliyevin otağına getdiyini, uca səslə danışmağa başladığını, daha sonra koridorda həmin hərəkətlərini davam etdirdiyini, icra məmurlarının onu sakitləşdirməyə çalışdığını, lakin sakitləşmədiyini, sonra məhkəmənin sədri Mehdi Əliyevin oraya gəldiyini, həmin şəxsin Mehdi Əliyevlə mübahisə etdiyini, səs-küy saldığını, icra məmurlarının onu sakitləşdirmək istəsə də, onların tələbinə tabe olmayaraq, məhkəmənin binasından çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında X4 borclu olduğu icra sənədinin onun icraatında olduğunu, həmin şəxsin qardaşı Şəxs ona zəng edərək, icra sənədinin niyə icra olunmamasını, evin bu günə qədər niyə boşaldılmamasını ona bildirdiyini, həmin şəxsin icra sənədi üzrə nə borclu, nə də ki, tələbkar olmadığını bildirərək, buna baxmayaraq, icra sənədi üzrə tərəflərin Şərur Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq, borcluya evdən çıxmamasının nəticələrinin izah olunmasını bildirməsi barədə məlumat verdiyini, sonra həmin şəxsin mobil nömrəsini icra şöbəsinin rəisi Arifə Əliyevə verdiyini, Arif müəllimin həmin şəxslə danışdığını, sonra həmin şəxsin Şərur Rayon İcra və Probasiya şöbəsinə gələrək, ona “icra sənədini niyə icra etmirsiniz, gecikdirirsiniz” dediyini, cavabında həmin şəxsə “onun iş üzrə tərəf olmadığını bildirdiyini”, nundan sonra onun Şərur Rayon Məhkəməsinin binasının koridorunda səs-küy saldığını, digər icra məmurlarının orada olduğunu, onlara “rüşvətxorsunuz, quldur dəstəsisiniz” dediyini, daha sonra məhkəmənin sədri Mehdi Əliyevin də oraya gəldiyini, həmin şəxsin Mehdi müəllimlə də mübahisə etdiyini, onun da tələblərinə məhəl qoymayaraq, səs-küy saldığını, məhkəmənin binasında yenə öz hərəkətlərini davam etdirdiyini, Mehdi müəllimin həmin şəxsin barəsində akt tərtib olunaraq, müvafiq qaydada barəsində tədbir görülməsi barədə Arifə Əliyevə göstəriş verdiyini, həmin şəxsi saxlamağa çalışsalar da, çıxıb getdiyini, onun barəsində akt tərtib edərək, Şərur rayon Polis İdarəsinə verdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 və X7 da şahid X1 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə olunmuş: - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinin inzibati binasında ictimai qaydanı kobud surətdə pozmuşdur. - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsində xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-9/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-9/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver