Məhkəmə qərarları › İş №3(110)-90/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-90/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-90/2021 09.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis idarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis idarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 08.12.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Şərur rayon Çomaxtur kəndi ərazisində uca səslə qışqır-bağır salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, qaz pulunu ödəyə bilmədiyi üçün 139 manat borcu yarandığını, Şərur rayon Qaz İstismar İdarəsinin işçilərinin Çomaxtur kəndinə gələrək, qaz pulunu ödəməyənlərin qazını kəsdiklərini, 08.12.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində kəndlərində işləyən Şərur rayon Qaz İstismar İdarəsinin işçilərinə yaxınlaşdığını, orada olan mühəndisə onun qaza olan borcunu ötüşdürməsini, borcundan 50 manat verəcəyini, qalanını isə daha sonra ödəyəcəyini bildirdiyini, mühəndisin ona bu işin onlarlıq olmadığını, Şərur rayon Qaz İstismar İdarəsinin rəisi Ələddin müəllimə müraciət etməyini bildirdiyini, həmin şəxsdən Ələddin müəllimin telefon nömrəsini alaraq ona zəng vurduğunu, təbii qaza olan borcunu ödəyə bilməyəcəyini dediyini, onu ötüşdürməsini, gələcək günlərdə ödəyəcəyini bildirdiyini, onun da razı olmadığını, ona kəsə bilirlərsə gəlib onun təbii qazını kəsmələrini dediyini, onun Ələddin müəllimlə danışığının bundan ibarət olduğunu, heç bir nalayiq ifadə işlətmədiyini, daha sonra polis əməkdaşlarının onu Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, maddi vəziyyətinin ağır olduğu üçün borcunu ödəyə bilmədiyini, haliyədə qazının kəsildiyini, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında 2006-cı ildən Şərur rayon Qaz İstismar İdarəsində sahə ustası vəzifəsində çalışdığını, 08.12.2021-ci il tarixində özünə məxsus avtomobillə rəis Ələddin müəllim ilə birgə Kəngərli rayonuna gedərkən saat təxminən 16:30 radələrində Ələddin müəllimin telefonuna zəng gəldiyini, rəisin telefonu mikrafona vurub onunla danışmağa başladığını, bu işdə uzun müddət işlədiyindən Ələddin müəllimlə danışan şəxsin Çomaxtur kənd sakini Şəxs olduğunu anladığını, İlkinin Ələddin müəllimə qaz pulunu ödəyə bilmədiyi üçün borcu olduğu bildirdiyini, ona kömək etməsini xahiş etdiyini, o da cavabında kömək edə bilməyəcəyini bildirdiyini, Ələddin müəllimin İlkinə təbii qaza olan borcunu ödəməsə təbii qaz xəttinin dayandırılacağını, həmin şəxsin Ələddin müəllimin bu sözlərini eşitdikdə uca səslə qışqır-bağır salaraq ünvansız nalayiq ifadələr işlətməyə başladığını, Ələddin müəllimin isə ona qarşı qanun çərçivəsində tədbir görəcəklərini dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında 2013-cü ildən bəri Şərur rayon Qaz İstismar İdarəsində baş mühəndis işlədiyini, 08.12.2021-ci il tarixində Çomaxtur kəndində işlə əlaqədar verilən tapşırıqları icra edən zaman kənd sakini Şəxs onlara yaxınlaşdığını, təbii qaza olan 139 borcundan 50 manatını ödəyə biləcəyini, qalanını isə daha sönra ödəyə biləcəyini, bununla yanaşı təbii qazının kəsilməməsini bildirdiyini, həmin vaxt Qaz İstismar İdarəsinin rəisi olan Ələddin müəllimlə telefon vasitəsilə danışmaq istədiyini bildirdikdə ona Ələddin müəllimin mobil telefon nömrəsini verdiyini və onun özünə məxsus olan mobil telefon vasitəsilə Ələddin müəllimə zəng vuraraq danışmağa başladığını, danışan zaman Şəxs əsəblərini cilovlaya bilməyib uca səslə qışqır-bağır salaraq ünvansız nalayiq ifadələr işlətməyə başladığını, onu sakitləşdirərək işin qanuni tərəflərini ona izah etdiyini, Şəxs ona məhəl qoymayıb təbii qazını heç kəsin dayandıra bilməyəcəyini bildirdiyini, bundan sonra əraziyə Polis sahə inspektorunun gəldiyini onu Şərur rayon Polis İdarəsinə dəvət etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında Şərur rayon Qaz İstimar İdarəsinin rəisi vəzifəsində işlədiyini, 08.12.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində Kəngərli rayonun gedərkən yolda ona zəng gəldiyini, telefonu açan zaman tanımadığı bir şəxsin təbii qaza borcu olduğu üçün ona köməklik etməsini xahiş etdiyini, həmin şəxsə kömək edə bilməyəciyini, onun ixtiyarında olmadığını, borcunu ödəmədiyi halda təbii qazının kəsiləcəyini bildirdiyini, bundan sonra həmin şəxsin ona qarşı nalayiq ifadələr işlətdiyini, sonradan həmin şəxsin Şərur rayon Çomaxtur kənd sakini Şəxs olduğunu bildiyini, onun barəsində tədbir görülməsi üçün kəndin sahə müvəkkilinə müraciət etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, 010116 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.12.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Çomaxtur kənd ərazisində uca səslə qışqır-bağır salaraq ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 08.12.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Çomaxtur kənd ərazisində uca səslə səs-küy salaraq ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, maddi vəziyyətinin ağır olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 dekabr 2021-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 30.3- cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; - 31.4- cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar