Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-91/2021 21.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş, xx.xx.1980-ci il tarixdə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 4 uşaqlı, fərdi sahibkar - satıcı işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 09.02.2021-ci il tarixdə Şahid2 idarə etdiyi “DAF” markalı 90VP885 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar gömrük postunda İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının Gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş, gömrük rəsmiləşməsindən keçirilməmiş 23 ədəd “İphone 12 Pro Max 128 GB”, 3 ədəd “İphone 12 Pro Max 256 GB” markalı telefonları, 132 ədəd USB kabelini və 37 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutuları gömrük qaydaları pozulmaqla gətirildiyini bilə-bilə əldə etmiş və Bakı şəhərinə göndərmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında Şərur şəhərində yaşadığını, fərdi sahibkar olduğunu, uzun illərdir ki, Şərur şəhərində elektronik malların, telefon və aksesuarlarının alqı-satqısı ilə məşğul olduğunu, 09.02.2021-ci il tarixdə Şahid2 idarə etdiyi avtomobil Naxçıvan MR-dan Bakı şəhərinə gedərkən Biləsuvar Gömrük postunda yoxlanıldığını, yoxlama zamanı karqo yüklərinin içində 26 ədəd “İphone” markalı mobil telefon, 132 ədəd USB kabeli, 37 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutuların aşkar edildiyini, həmin malların ona məxsus olduğunu, o zaman dostları Mehman və Nəbiyə zəng edərək telefonları götürüb saxlamalarını, Bakıya gələndə onlardan götürəcəyini bildirdiyini, mallar saxlanılanda dostlarına zəng edərək telefonların onlara məxsus olduğunu demələrini xahiş etdiyini, telefonları uzun müddət vətəndaşlardan 1-1, 2-2 aldığını, onları öz mağazasında sata bilmədiyindən “Sürət” karqo ilə Bakıya satmaq məqsədilə göndərdiyini, USB kabellərinin özünə məxsus olduğunu, onları Bakıdan aldığını, boş qutulardan 37-nin ona məxsus olduğunu, sata bilmədiyi üçün Bakıya geri qaytardığını, Mehmana malları Müşviq vasitəsilə, Nəbiyə isə şəxsən göndərdiyini, göndərərkən “Sürət” karqoya malları bəyan etmədiyini, telefonları aldığı vətəndaşların heç birini tanımadığını və əlaqəsi olmadığını, artıq vətəndaşlardan telefon almadığını, ilk dəfədir ki belə bir iş tutduğunu, etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin rəisi X6 izahatında və verilən suallara cavabında 09.12.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə Şəxs barəsində material daxil olduğunu, 09.02.2021-ci il tarixdə Biləsuvar Gömrük postunda yoxlama zamanı bəyan edilməyən Şəxs məxsus 26 ədəd “İphone 12” markalı telefon və 132 ədəd USB kabeli aşkar olunduğunu, işlə bağlı Abbasov Ceyhun, Şahid4, Şahid1, Kazımov Zviadi adlı şəxslərin şahid qismində çağırılaraq ifadələrinin alındığını, Mehmana göndərilən 10 ədəd telefonu Müşviq adında şəxsin göndərdiyi məlum olsa da, Nəbiyə kimin göndərdiyi görünmədiyini, Nəbiyə göndərilən 16 ədəd telefon və 132 ədəd USB kabelinin olduğu qutunun üzərinə Ramin adının yazıldığını, karqo şirkətinin malları göndərmək üçün köhnə qutulardan istifadə edildiyi üçün bağlamanın üzərində Ramin yazısının qaldığını, köhnə qutuların üzərinə yeni məlumatların qeyd olunaraq barkod yapışıdırıb göndərdiklərini bildirdiyini, gömrükdən keçirilən mallara nəzarət zamanı əşyaların bəyan edilməli və gömrüyün elektron sistemində görünməli olduğunu, Şəxs mallarının isə bəyan edilməyərək hər hansı bir yolla nəzarətdən yayındırıldığını, Şəxs ifadə verən zaman telefonları aldığı vətəndaşların heç birini tanımadığını bildirdiyini, onun əməlini səmimi şəkildə etiraf etdiyini, müvafiq araşdırılma nəticəsində Şəxs əməli barəsində tam qənaət yarandığını, onunla bərabər eyni əməli törədən Abbasov İbrahim adlı şəxsin mallarının da aşkar olunaraq götürüldüyünü, belə ki, qalan 20 ədəd “İphone 12” markalı telefonun Abbasov İbrahimə məxsus olduğunu, hər iki iş materialı protokol tərtib olunaraq ərazi üzrə müvafiq məhkəmələrə göndərildiyini, materialın vaxtında araşdırılıb müvafiq qurumlara sorğu verildiyi, maddi sübutların tələb olunduğu üçün iş üzrə icraatın gedişində müəyyən gecikmə yarandığını bildirmişdir. Şahid X1 izahatında və verilmiş suallara cavabında "xxxx" MMC-nin öz yüklərini şirkətin maşını ilə Naxçıvan Şəhər Gömrük İdarəsinə gətirdiyini, karqo şirkətinin nümayəndəsinin nəzarəti altında yüklərin maşına yükləndiyini, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gedən Şahid2 avtomobilinin yoxlanılması zamanı aşkar edilən malların isə cəmiyyətə məxsus olmadığını, onların şirkətə bəyan edilmədən göndərildiyini, həmin malların X5, X2, Şahid3, Şahid4 tərəfindən ərzaq adı ilə sifarişi verildiyini, həmin mallardan şirkətin xəbəri olmadığını bildirmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə telefonoqram göndərilmiş, o Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, 10.02.2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində verdiyi izahatı təsdiq etdiyini bildirmiş, həmin izahatında o, 2013-cü ildən bəri yük avtomobili sürücüsü olduğunu, karqo şirkətlərinin yüklərini daşıdığını, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postuna daxil olduğunu, yoxlama zamanı maşınında olan karqo şirkətlərinin karqo yüklərinin içərisindən gömrük nəzarətində bəyan edilməyən 46 ədəd “İphone 12” markalı telefon, 132 ədəd USB kabeli və 83 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutu və siqaretlər aşkar edildiyini, həmin yüklərin maşınında olmasından xəbəri olmadığını, yoxlama zamanı bundan xəbəri olduğunu bildirmişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə telefonoqram göndərilmiş, o Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, 12.11.2021-ci il tarixdə Naxçıvan MR Dövlət Gömrük Komitəsininin Əməliyyat və Təhqiqat Şöbəsində verdiyi izahatı təsdiq etdiyini bildirmiş, həmin izahatında o Şərur şəhərində yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, Coşqunla uzun illərdir ki dostluq etdiyini, 2021-ci ilin əvvəllərində Coşqunun ona zəng edərək Bakıya telefon göndərmək istədiyini, telefonları götürüb saxlamağını, Bakıya gələndə ondan götürəcəyini bildirdiyini, o isə cavabında dostu Müşviqin “Sürət karqo” vasitəsilə ona pendir göndərəcəyini, telefonları da o yolla göndərə biləcəyini bildirdiyini, 09.02.2021-ci il tarixdə Şahid2 idarə etdiyi avtomobildə aşkar edilmiş 10 ədəd “İphone 12 Pro Max” markalı telefonun Coşquna məxsus olduğunu, əvvəl verdiyi izahatda telefonların ona məxsus olduğunu söyləməyi Coşqunun ondan xahiş etdiyini, ona heç bir problemli məsələ olmadığını dediyini bildirmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə telefonoqram göndərilmiş, o Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, 12.11.2021-ci il tarixdə Naxçıvan MR Dövlət Gömrük Komitəsininin Əməliyyat və Təhqiqat Şöbəsində verdiyi izahatı təsdiq etdiyini bildirmiş, həmin izahatında o Şərur şəhərində yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, Coşqunla 10 ildir ki dostluq etdiyini, 09.02.2021-ci il tarixdə Şahid2 idarə etdiyi avtomobildə aşkar edilmiş 16 ədəd “İphone 12 Pro Max” markalı telefonun Coşquna məxsus olduğunu, əvvəl verdiyi izahatda telefonların ona məxsus olduğunu söyləməyi Coşqunun ondan xahiş etdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan 10.02.2021-ci il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan MR-dan Azərbaycan Respublikasına gələn Şahid2 idarə etdiyi “DAF” markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobilindən 46 ədəd “İphone 12” markalı telefon, 132 ədəd USB kabeli və 83 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 09.12.2021-ci il tarixli, 118 nömrəli Naxçıvan MR Dövlət Gömrük Komitəsininin inzibati xəta haqqında iş üzrə qərardadından görünür ki, 20 ədəd “İphone 12” markalı telefonun məxsus olduğu X4 barəsində inzibati xəta haqqında işin materialları baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08.12.2021-ci il tarixli, 333 nömrəli ekspert rəyindən görünür ki, 23 ədəd “İphone 12 Pro Max 128 GB”, 3 ədəd “İphone 12 Pro Max 256 GB” markalı telefonların, 132 ədəd USB kabelinin hər biri ayrı-ayrılıqda istifadəyə yararlıdır və ümumilikdə qiyməti 47928 (qırx yeddi min doqquz yüz iyirmi səkkiz) manat müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin 20.04.2021-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “DAF” markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gedən Şahid2 avtomobilinin yoxlanılması zamanı aşkar edilən mallar cəmiyyətə məxsus deyildir və X5, X2, Şahid3, Şahid4 tərəfindən ərzaq adı ilə sifarişi verilmişdir. İş materiallarında olan Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin 27.05.2021-ci il tarixli, 34/170/027931 nömrəli xidməti qeyd məktubundan görünür ki, Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən siyahısı təqdim edilən mobil telefonların gömrük rəsmiləşdirilməsi haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs oğlunun səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, şəxsin barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nın 504-cü maddəsi ilə təqsirli bilinib malların dəyərinin 40 faizi miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinib malların dəyəri olan 47928 (qırx yeddi min doqquz yüz iyirmi səkkiz) manat məbləğin 40 faizi miqdarında - 19171,20 manat (on doqquz min yüz yetmiş bir manat iyirmi qəpik) məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut qismində Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan 23 ədəd “İphone 12 Pro Max 128 GB”, 3 ədəd “İphone 12 Pro Max 256 GB” markalı mobil telefonlar, 132 ədəd USB kabeli və 37 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutular Şəxs oğluna qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-91/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-91/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver