Məhkəmə qərarları › İş №3(110)-95/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-95/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-95/2022 07.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Siyaqut kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində onun Şərur rayon Siyaqut kəndində yaşadığı evin mətbəxində olan qaz piltəsinin altından 0.123 qr metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, Şərur rayon Siyaqut kəndində yaşadığını, heç yerdə işləmədiyini, təxminən 1 il bundan qabaq Türkiyə Respublikasında narkotik vasitə qəbul etməyə başladığını, daha sonra İran İslam Respublikasına gedən zaman narkotik vasitə qəbul etdiyini, ara-sıra Şahtaxtı keçid məntəqəsi və Sədərək keçid məntəqəsində tanımadığı xarici vətəndaşlardan narkotik vasitə alaraq qəbul etdiyini, ağrıları olduğu üçün narkotik vasitə qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Şərur rayon Məmmədsabir kənd sakini X2 tanımadığı bir qadınla Şərur rayon Siyaqut kəndində yerləşən evinə gələrək, ondan borcunu istədiyini, o da pulunun olmadığına görə Küşvər Cavadovaya sonra verərəm dediyini, Küşvər ilə aralarında mübahisə olduğunu, bir müddət sonra çöldən onu çağırdıqlarını eşitdiyini, çölə çıxıb onu çağıranların polis əməkdaşları olduğunu gördüyünü, polis əməkdaşlarının ona evində baxış keçirmək istədiklərini bildirdiklərini, bu barədə razılaşaraq, razılıq ərizəsi verdiyini, polis əməkdaşlarının ev baxış keçirdiklərini, mətbəxdə olan qaz piltəsinin altından bir ədəd büküm tapdıqlarını, büküm içərisindən narkotik vasitə olduğunu, şahidlərin iştirakçılığı ilə həmin bükümün sarı rəngli zərfə qablaşdırılıb götürüldüyünü, əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 vermiş olduğu izahatında xx.xx.2022-ci il tarixdə səgər saatlarında tanışı Kəngərli rayon Xok kəndi sakini X7 ilə birlikdə Şəxs borcunu tələb etmək üçün Şərur rayon Siyaqut kəndinə getdiklərini, Amindən borcunu qaytarmasını istədiyini, Aminin pulunu olmadığını bildirdiyini, mübahisə etdiklərini, bu zaman polis əməkdaşlarının içəri daxil olduqlarını, evə baxış keçirdiklərini, mətbəxdə olan qaz piltəsinin altından 1 ədəd büküm tapdıqlarını, həmin bükümün onların iştirakı ilə qablaşdıırılaraq götürüldüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilən X7 da şahid X2 verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında protokola” əsasən, Şəxs şəxsi axtarışı zamanı üzərindən hər hansı predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 06 dekabr 2022-ci il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 900 saylı, 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs dispanserdə narko-test vasitəsiylə müayinə olundu, nəticədə AMP (amfetamin) müsbət aşkar olundu, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 07 dekabr 2022-ci il tarixli 372 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, təmiz çəkisi 0.123 qram olan, ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət metamfetamindir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli aktdan görünür ki, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.103 qram psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X3 Obyekti № 3” möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010281 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Şəxs Şərur rayon Siyaqut kəndində yaşadığı evin mətbəxində olan qaz piltəsinin altından 0.123 qr metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli 06 dekabr 2022-ci il tarixdən saat 15:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3 – cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.103 (sıfır tam mində bir yüz üç) qram olan psixotrop maddə - metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar