Məhkəmə qərarları › İş №3(110)-97/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-97/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-97/2022 15.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şərur rayonu, Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 1300 radələrində Şərur şəhəri ərazisində Yengicə kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında təxminən 1 ay əvvəl Türkiyədən gəldiyini, xx.xx.2022-ci il tarixdə nikahın pozulması işi ilə əlaqədar Şərur Rayon Məhkəməsinə gəldiyini, məhkəmədən çıxdıqdan sonra qaynatası Zərərçəkmiş şəxs da onun arxasıca 2-3 dəqiqə sonra çıxdığını, anası ilə birlikdə məhkəmənin həyətində icra məmurları ilə danışan zaman qaynatası Zərərçəkmiş şəxs onların üzərinə hücum çəkdiyini, onun boğazından tutduğunu, daha sonra sinəsinə yumruqla vurduğunu, ona qarşı nalayiq ifadələr işlətdiyini, ikinci yumruğu atanda yumruğunu tutub Abbasın sinəsinə vurduğunu, daha sonra yanlarındakı şəxslərin onları aralaşdırmağa çalışsa da qaynatasının onun boğazını buraxmadığı üçün yumruqla onun başından vurduğunu, daha sonra onu polis idarəsinə dəvət etdiklərini, oraya gedərək izahat verdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında xx.xx.2022-ci il tarixdə qızı X3 nikahın pozulması işi ilə əlaqədar Şərur Rayon Məhkəməsinə gəldiyini, məhkəmədən çıxdıqdan sonra qızı Lamiyənin, atasının yanında dayanan oğlunu görmək istədiyini, kürəkəni Şəxs qızına etiraz edərək, nəvəsi ilə qızını görüşdürmək istəmədiyini, bu vaxt aralarında mübahisə baş verdiyini, kürəkəni Müşviq Əsgərovun ona qarşı fiziki güc tətbiq etməklə döyməyə başladığını, daha sonra orada olan icra məmurlarının onları sakitləşdirməyə çalışdıqlarını, daha sonra Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini, onu Şərur Rayon Polis idarəsinə dəvət etdiklərini, ekspertizadan keçdiyini, Muşviqi bağışlamadığını, buna görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X1 izahatında Şərur rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixində təxminən saat 13:00 radələrində iddiaçı Şərur rayon Kosacan kənd sakini Şəxs ilə cavabdeh Şərur rayon Yengicə kənd sakini Lamiyə Əsgərovanın atası Abbas kişi ilə məhkəmənin inzibati binasının həyətində dalaşdıqlarını gördüyünü, o və digər iş yoldaşlarının dərhal onların yanına gedərək aralaşdırmağa başladıqlarını, Zərərçəkmiş şəxs dodağının qanadığını, hər iki tərəfi sakitləşdirdikdən sonra onları inzibati binanın həyətindən yola saldıqlarını, daha sonra bu barədə akt tərtib etdiklərini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən Əliyev Arif isa oğlu izahatında Şərur rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixində təxminən saat 13:00 radələrində Şərur Rayon Məhkəməsinin inzibati binasında öz otağında olarkən binanın önündən səs gəldiyini eşitdiyini, dərhal binanın önünə tərəf getdiyini, bu zaman Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs ilə keçmiş kürəkəni Şərur rayon Kosacan kənd sakini Şəxs mübahisə etdiklərini, mübahisə zamanı Şəxs keçmiş qaynatası Zərərçəkmiş şəxs yumruq zərbələri ilə döydüyünü gördüyünü, o və digər iş yoldaşlarının dərhal onların yanına gedərək aralaşdıraraq sakitləşdirdiklərini, daha sonra bu barədə akt tərtib etdiklərini bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə inspektoru X7 tərəfindən 14 dekabr 2022-ci il tarixdə Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 15 noyabr 2022-ci il tarixli, 127 nömrəli ekspert rəyindən görünür ki, X8 burun kökündə olan sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1133 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010282 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1300 radələrində Şərur şəhəri ərazisində Yengicə kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan bəzi sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı Müşfiq kimi qeyd edilsə də, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adının Muşviq olması müəyyən edilmişdir. buna görə də, məhkəmə bu halı texniki səhv kimi nəzərə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, X2 xx.xx.2022-ci il tarixdə saat 1300 radələrində Şərur şəhəri ərazisində Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar