Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-98/2024 08.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1984-cü il tarixdə Şərur rayon Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şərur rayon Elektrik Şəbəkəsində montyor işləyən, Şərur rayon Püsyan kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Mərkəzi Xəstəxanasında səs küy salmaqla, həkimlərə qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə anasını ağır xəstəliyi ilə əlaqədar Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, həkimin yanından çıxıb avtomobilə oturan zaman vəziyyətinin pisləşdiyini, anasını dərhal xəstəxananın X7 Şöbəsinə apardığını, bu zaman bir nəfər saqqallı mülki şəxsin onlara yaxınlaşıb nə üçün gəldiklərini soruşduğunu, ona anasının narahat olduğunu bildirdiyini, həmin şəxsin ondan otağı tərk edib digər otağa keçməyi istədiyini, özünün digər otağa keçdiyini, tibb bacısı anasına baxdıqdan sonra ondan anasına 2 qramlıq iynə almağı istədiyini, içəri girib iynə istəyən zaman həmin saqqallı şəxsin ona “bura sənə nə aptekdir, nə də bazar, get başqa yerdən istə” dediyini, onun bu sözünə əsəbləşdiyini, onun həkim olduğunu öyrəndiyini, ona “səni şikayət edəcəyəm” dediyini, onun isə cavabında “eləməsən namusunun qurumsağısan” sözlərini dediyini, aralarında mübahisənin böyüdüyünü, həkimin onun yaxasından tutub çölə çıxartdığını, bu vaxt səs-küyə anasının halının pisləşdiyini, onu dərhal reanimasiya şöbəsinə qaldırdıqlarını, orada heç bir təhqiramiz ifadə işlətmədiyini, 1 xəstə uşağının olduğunu, yaxın zamanlarda onu Bakı şəhərinə müalicəyə aparacağını, buna görə barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatı: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında Şərur rayon X1 X5 həkimi işlədiyini, xx.xx.2024-cü il tarixdə növbətçi olduğunu, saat 17:30 radələrində tanımadığı şəxsin X7 otağına daxil olduğunu, anasına iynə vurulmalı olduğunu bildirdiyini, cavabında ona iynə vurulması üçün qəbul otağına keçməli olduğunu dediyini və onun getdiyini, onun diaqnozu qoyulduğu üçün müayinəsinin qəbul otağında aparılmalı olduğunu, təxminən 5 dəqiqə sonra onun yenidən gəlib insulin şpristi istədiyini, yanında olan Vəfa adlı tibb bacısının ona insulin şpristi olmadığını dediyini, həmin şəxsin cavabında kobud formada “bu necə X7dır, bu necə xəstəxanadır, tez olun mənə şpris tapın” dediyini, onun tibb bacısına təzyiq göstərdiyini görüb araya girdiyini, şəxsin ona “sən kimsən? ” sualını verdiyini, ona cavabında həkim olduğunu dediyini, onun “sənin xalatın hanı?” dediyini, ona geyim formasına qarışmamalı olduğunu dediyini, onun səsini ucaltmaqda davam etdiyini, bu zaman onun qolundan tutub eşiyə itələdiyini və mühafizəçiyə onu çıxarmağı bildirdiyini, həmin şəxsin ona hücum etmək istədiyini, lakin mühafizəçinin ona mane olduğunu, onun digər xəstələri müayinə etməyinə imkan vermədiyini, həmçinin xəstə yaxınlarının da onun hərəkətlərinə etiraz bildirdiklərini, onun “tula”, “küçük” ifadələrini işlətdiyini, həmin vaxtı ətrafda polis əməkdaşları və xəstə yaxınlarının da olduğunu, xəstəxanada bu cür hadisələr çox olsa da xəstə yaxınlarını başa düşdüklərini, o öz hərəkətlərini davam etdiyindən məcbur qalıb polisə müraciət etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında Şərur rayon X1 X5 feldşeri işlədiyini, xx.xx.2024-cü il tarixdə növbətçi feldşer olduğunu, növbətçi həkimin isə İlkin Səfərov olduğunu, günortadan sonra 2 ağır xəstələrinin olduğunu, İlkin həkimlə birlikdə həmin xəstələrə tibbi yardım göstərdiklərini, saat təxminən 17:45 radələrində tanımadığı 1 nəfərin onlara yaxınlaşaraq anasına iynə vurulacağını bildirdiyini, İlkin həkimin ağır xəstələri olduğu üçün onu qəbul otağına göndərdiyini, təxminən 5 dəqiqə sonra həmin şəxsin yenidən gələrək ondan insulin şprisi istədiyini, ona əli ilə şkafı göstərərək sadəcə 5 və 10 qramlıq şprislərin olduğunu bildirdiyini, bu zaman onun “mən bilmirəm, bu dəqiqə mənə insulin şprisi tapın” deyib çığırdığını, İlkin həkimin ona “sizə nə lazımdır, niyə icazə vermirsiz işlərimizi görək, bu xəstələrə bir şey olsa cavab verə biləcəksinizmi?” dediyini, onun İlkin həkimə “mənə insulin şprisi lazımdır, bu dəqiqə tap” dediyini, İlkin həkimin ona “bura aptek deyil, get aptekdən al, imkan ver işimizi görək” dediyini, həmin şəxsin səs-küy salmasının xəstə yaxınlarını narahat etdiyi üçün onların narazılıq etdiyini, İlkin həkimlə onun mübahisəsinin böyüdüyünü, İlkin həkimlə bir-birlərini itələdiklərini, İlkin həkimə yumruq atmaq istəsə də vura bilmədiyini, İlkin həkimin onu itələyib otaqdan çıxartdığını və xəstələrlə maraqlanmağa davam etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında Şərur rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işlədiyini, xx.xx.2024-cü il tarixdə növbətçi olduğunu, saat 17:30 radələrində xəstəxanaya bir neçə xəstə gəldiyindən İlkin həkimin başının qarışıq olduğunu, saat 18:00 radələrində Vüqar adlı şəxsin anası və həyat yoldaşı ilə birlikdə xəstəxanaya daxil olduğunu, Vüqarın İlkin həkimə yaxınlaşaraq anasına iynə vurulmalı olduğunu dediyini, İlkin həkimin iynənin qəbul otağında vurulmalı olduğunu ona izah etdiyini, Vüqarın qəbul otağına getdikdən 5-10 dəqiqə sonra səs-küyə X7 otağının qabağına getdiyini, bu zaman Vüqar və İlkin həkimin bir-birlərini itələdiklərini gördüyünü, İlkin həkimin onu itələyib otaqdan çıxartdığını, Vüqar ona hücum etmək istəyən zaman onu tutub saxladığını, Vüqarın İlkin həkimə nalayiq ifadələr işlətdiyini, onu qəbul şöbəsinə apardığını bildirdi. Ekspert rəyi: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 432 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının, yaşlı və xəstə anasının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-98/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-98/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver