Məhkəmə qərarları › İş №3(111)-10/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-10/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-10/2023 14.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Babək rayon Xıncab kəndində anadan olmuş, orta təhsilli, işsiz, təqaüdçü, Kəngərli rayonu Xıncab kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 14 fevral 2023-cü il tarixli 012351 saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(103)-795/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli icra sənədi ilə tələbkar X1 17645 manat pul ödəməli olduğunu, imkansızlıqdan həmin borcu ödəyə bilmədiyini, borcun ödənilməsi barədə icra məmurları tərəfindən dəfələrlə xəbərdar olunduğunu, protokolda göstərilən qaydada borclarının yarandığını, ikinci qrup əlil olduğunu, imkanının olmadığı üçün ödəyə bilmədiyini göstərdi. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(103)-795/2022 saylı icra sənədinin, Babək Rayon İcra və Probasiya Şöbəsinin 20 sentyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın, 20 sentyabr 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 06 fevral 2023-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs 17645 manat pul tutularaq X1 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 14 fevral 2023-cü il tarixli, e214428 nömrəli arayışına əsasən Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(103)-795/2022 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X1 17645 manat borcu vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Şəxs ikinci dərəcəli əlillik qrupu verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(103)-795/2022 saylı icra sənədinə, 20 sentyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərara, 20 sentyabr 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə, 06 fevral 2023-cü il tarixli xəbərdarlığa və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli 012351 nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz müəyyən edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar