Məhkəmə qərarları › İş №3(111)-11/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-11/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-11/2025 04.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, 17 noyabr 1996-cı ildə İğdır şəhəri, Aralık rayonunda anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 18 fevral 2025-ci il tarixli 18000-00212/25 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 19:43-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “dəmir çubuqlar” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Şəxs idarə etdiyi 76AAS034/76AAR665 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində sərnişin oturacağının altındakı gizli saxlanc yerindən 130 qutu (2600 ədəd), kabindəki sağ qapıdakı boşluğun gizli saxlanc yerindən 30 qutu (600 ədəd), kabindəki sol qapıdakı boşluğun gizli saxlanc yerindən 30 qutu (600 ədəd) və dartıcının alt hissəsində motorun qoruyucu dəmirin üst hissəsində 30 qutu (600 ədəd) üzərində “Pall Mall GB FİT” yazısı Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmamış ümumilikdə 220 qutu (4400 ədəd) siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı Gömrük postunun böyük inspektoru Şahid1 izahatında xx.xx.2025-ci il tarixində xidmətdə olarkən İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına dəmir çubuqlar yükü aparan Şəxs idarə etdiyi 76AAS034/76AAR665 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarətinə gəldiyini, sürücü ilə şifahi söhbət apardığını, ona hüquq və vəzifələrini izah etdiyini, nəqliyyat vasitəsinə baxış keçirmədən əvvəl sürücüdən nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan edilməli predmetin olub-olmadığını soruşduğunu, sürücünün isə nəqliyyat vasitəsində 30 qutu siqaretdən başqa bəyan ediləcək nəsə olmadığını bildirdiyini, sonra gömrük əməkdaşı Şahid2 videoçəkiliş aparmaq üçün dəvət etdiyini, çəkiliş aparılmaqla yük nəqliyyat vasitəsinə baxış keçirməyə başladığını, yük nəqliyyat vasitəsinin kabin hissəsində sərnişin oturacağının altındakı gizli saxlanc yerindən 130 qutu (2600 ədəd), kabindəki sağ qapıdakı boşluğun gizli saxlanc yerindən 30 qutu (600 ədəd) və dartıcının alt hissəsində motorun qoruyucu dəmirin üst hissəsində 30 qutu (600 ədəd) üzərində “Pall Mall GB FİT” yazısı olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı Gömrük postunun inspektoru Şahid2 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 3 fevral 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:43-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “dəmir çubuqlar” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixində verilmiş U30032882 nömrəli xarici pasportun sahibi, xx.xx.1996cı il təvəllüdlü Şəxs idarə etdiyi 76AAS034/76AAR665 dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində sərnişin oturacağının altındakı gizl saxlanc yerindən 130 qutu (2600 ədəd), kabindəki sağ qapıdakı boşluğun gizli saxlanc yerindən 30 qutu (600 ədəd), kabindəki sol qapıdakı boşluğun gizli saxlanc yerindən 30 qutu (600 ədəd) və dartıcının alt hissəsində motorun qoruyucu dəmirin üst hissəsində 30 qutu (600 ədəd) üzərində “Pall Mall GB FİT” yazısı Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmamış ümumilikdə 220 qutu (4400 ədəd) siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 134 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 264.00 (iki yüz altmış dörd) manat müəyyən edilir, o cümlədən 01 qutu (20 ədəd) “PALL MALL GB FİT” markalı siqaretin orta bazar qiyməti - 1.20 manat, 220 qutu- (1.20 manat X 220)=264,00 (iki yüz altmış dörd) manatdır. İş materiallarında olan 18 fevral 2025-ci il tarixli, 3-33-1200/2-000527/2025 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi ümumilikdə 220 qutu (4400 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretləri gömrük nəzarətindən gizlətməklə keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 220 qutu (4400 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 220 qutu (4400 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar