Məhkəmə qərarları › İş №3(111)-12/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-12/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-12/2021 24.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə anadan olmuş, subay, orta təhsilli, işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 22A-da yaşayan Şəxs haqqında Kəngərli Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 22 avqust 2021-ci il tarixdə, saat 19.00 radələrində Kəngərli rayon Təzəkənd kəndi ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi psixotrop maddə olan 0,11 qram “metamfetamin” maddəsini üzərində saxlayarkən Kəngərli Rayonunun Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun barəsində Kəngərli Rayon Polis Şöbəsində 24 avqust 2021-ci il tarixli MN 004933 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 21 avqust 2021-ci il tarixdə Bakıdan Naxçıvana qohumlarını görməyə gəldiyini, 22 avqust 2021-ci il tarixdə saat 19 radələrində Kəngərli rayon Təzəkənd kəndində olarkən iki nəfər mülki geyimdə şəxsin yaxınlaşaraq özlərini polis kimi təqdim edib onu polis şöbəsinə dəvət etdiklərini, Kəngərli Rayon Polis şöbəsində tanımadığı şəxslərin iştirakı ilə üzərində axtarış aparıldığını, üzərində olan şalvarının sağ cibindəki siqaret qabında olan maddə aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürdüklərini, həmin maddəni Naxçıvan avtovağzalında tanımadığı İran vətəndaşının ona verdiyini, həmin maddəni iranlıdan satış məqsədi olmadan götürdüyünü, 2-3 ay bundan əvvəl Bakıda olarkən psixotrop maddələrdən istifadə etdiyini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən Şahid1 və X3 məzmunca eyni izahatlar verərək, 22 avqust 2021-ci il tarixdə saat təxminən 19.30 radələrində Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduqlarını, orada onlara Bakı şəhərindən olan bir nəfərin üzərinə baxış keçiriləcəyini və hal şahidi kimi iştirak edəcəklərini bildirdiklərini, Polis şöbəsinin binasında Şəxs göstərərək onun üzərində axtarış aparılmasında hal şahidi kimi iştirak etdiklərini, hüquq və vəzifələri izah olunduqdan sonra Şəxs üzərində baxış keçirilməyə başlandığını, əvvəlcə Şəxs əlində və üzərində nə varsa stolun üzərinə qoymağını bildirildiyini, Şəxs sağ cibindən olan bir ədəd “Vinston” siqaret qabının içərisində kristal maddəni stolun üzərinə qoyduğunu və polis əməkdaşlarının həmin maddəni qablaşdırıb götürdüklərini göstərdilər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli 239 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Şəxs üzərindən götürülmüş narkotik tərkibli maddəyə oxşar 1 ədəd büküm” sözlər və imzalar olan kağız zərfin içərisindəki 01 ədəd kağız kəsiyi bükümündə, təmiz çəkisi 0,11 qram ağ rəngli kristal və toz şəkilli hissəciklərdən ibarət maddə metamfetamindir. "Metamfetamin" 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Ekspert rəyindən məlum olur ki, tədqiqata 0,02 qram maddə sərf olunmuş, 0,09 qram maddə qalmışdır. İş materiallarında olan Y. Budaqov adına Naxçıvan MR X1 24 avqust 2021-ci il tarixli 527 nömrəli məktubuna əsasən Şəxs dispanserdə müayinə olundu. Hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş 22 avqust 2021-ci il tarixli 0715 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 22 avqust 2021-ci il tarixdə saat 19.30-da inzibati qaydada tutulmuşdur. Toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sübutlarla təsdiq olunur ki, Şəxs şəxsi istehlak miqdarında 0,11 qram metamfetamin psixotrop maddəsini əldə edib saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan "Metamfetamin"ın 0,15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbiri təyin edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,09 qram olan “Metamfetamin” psixotrop maddəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs təyin edilmiş inzibati həbsin əvvəli Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən tutulduğu vaxtdan, yəni 22 avqust 2021-ci il tarixdən saat 19:30-dan hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli Şəxs tutulduğu 22 avqust 2021-ci il tarixdən saat 19.30-dan hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,09 qram “Metamfetamin” psixotrop maddə qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar