Məhkəmə qərarları › İş №3(111)-13/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-13/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-13/2021 07.09.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi əvəzi X1, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 13 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 19 avqust 2021-ci il tarixli məktubla protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə, Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə aidiyyatı üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokola əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xətanı törətmiş şəxs Şəxs barəsində 28.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1-ci maddəsi ilə və 13.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuş, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanı törətmiş şəxs protokol tərtib olunması barədə məlumatlandırılmamış və inzibati protokolun surətinin inzibati xəta törətmiş şəxsə göndərilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İş materiallarından görünür ki, 08.07.2021-ci il tarixdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuş, lakin qərar icraya yönəldilməyərək, 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 529.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Bundan əlavə protokol tərtib edən vəzifəli şəxs qərardad qəbul etmədən materialı məktubla məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 13 avqust 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmayıb və təqdim edilmiş materiallar natamam olmaqla işə baxarkən tamamlamaq mümkün deyil. Ona görə də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində olan 13 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar