Məhkəmə qərarları › İş №3(111)-14/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-14/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-14/2025 17.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsi ilə 17 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış vəzifəli şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X2 verdiyi şikayəti işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edərək müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli 3(078)-110/2025 nömrəli qərardadı ilə şikayət, ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən şikayət verilmiş inzibati xəta Kəngərli rayonu ərazisində törədilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün şikayət Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş materiallardan aydın olur ki, inzibati xətanın törədildiyi yer Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi olmaqla, vəzifəli şəxs də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X1 şəhəri, Yunis Cabbarov küçəsi ev 23A ünvanında qeydiyyatdadır və o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan özünün qeydiyyatda olduğu yer üzrə məhkəməyə şikayət (ərizə) vermişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan qeydiyyatda olduğu yer üzrə məhkəməyə şikayət etməklə, şikayətə onun yaşadığı yer üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda qeyd edirəm ki, iş materiallarına əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon İcra Hakimiyyətinin 12 fevral 2024-cü il tarixli 5-24/2-102/2024 nömrəli Naxçıvan MR Dövlət Arxiv İdarəsinə ünvanladığı məktubdan görünür ki, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 01 noyabr 2021-ci il tarixli 03//125A nömrəli əmrinə əsasən X5 xadimə vəzifəsinə təyin olunmuşdur. Ona görə hesab edirəm ki, işəgötürən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin vəzifəli şəxsi tərəfindən işçinin işə götürülməsi barədə müvafiq əmr imzalandığından inzibati xətanın törədildiyi yer də həmin idarənin yerləşdiyi Naxçıvan şəhəridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə xətanı törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından və bu hal inzibati qanunvericilklə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad edilməklə həll edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə hesab edirəm ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin yaşadığı ünvan Naxçıvan şəhəri olduğundan və ərizəçi tərəfindən yaşadığı yer üzrə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edildiyindən və inzibati xətanın törədildiyi yer Naxçıvan şəhəri olduğundan hazırki şikayətə Kəngərli Rayon Məhkəməsində baxıla bilməz. Şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə verilən şikayətin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün şikayət Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində qərar çıxarılmış vəzifəli şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X2 verdiyi şikayət ərizəsinə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar