Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-17/2023 29.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ermənistanda doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Çalxanqala kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 29 mart 2023-cü il tarixli 012352 saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Bayramov X2 Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(111)-62/2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Kəngərli Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli icra sənədi ilə tələbkar X1 aliment borcunun olduğunu, əvvəllər alimenti ödədiyini, pandemiyaya görə işdən çıxdığını, ona görə də aliment borcunu ödəyə bilmədiyini, borcunun 5184 yox, az olduğunu, əlavə ödəniş qəbzlərinin olduğunu, lakin bu gün həmin qəbzləri təqdim edə bilmədiyini, imkansızlıqdan aliment borcunu ödəyə bilmədiyini, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, əməlindən peşman olduğunu göstərərək bu dəfə bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(111)-62/2016 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 05 aprel 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının, 05 aprel 2016-cı il tarixli tələbin könüllü icrası barədə bildirişin, 14 mart 2023-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs hər ay 140 manat aliment tutularaq X1 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 29 mart 2023-cü il tarixli, 145 nömrəli arayışına əsasən Kəngərli Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(111)-62/2016 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2018-ci il tarixdən ödəniş etməmiş və xx.xx.2023-cü il tarixə 5184 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(111)-62/2016 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 05 aprel 2016-cı il tarixli icraata başlamaq haqqında qərarına, 05 aprel 2016-cı il tarixli tələbin könüllü icrası barədə bildirişə, 14 mart 2023-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətinə və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli 012352 nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 13 (on üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 29 mart 2023-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şəxs X6 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-17/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-17/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver