Məhkəmə qərarları › İş №3(111)-18/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-18/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-18/2024 24.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şərur rayon Xok kəndində doğulmuş, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 23 aprel 2024-cü il tarixdə saat 23:15 radələrində Kəngərli rayonunun Xok kəndində sərxoş vəziyyətdə küçədə müxtəlif ünvanlara söyüşlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 23 aprel 2024-cü il tarixdə qızı İbrahimova Aysunun ölüm işi ilə əlaqədar məhkəmədə olduğunu, məhkəmədən gəldikdən sonra sakitləşmək üçün evində spirtli içki qəbul etdiyini, sonra evlərindən küçəyə çıxaraq əsəbi olduğundan özü də bilmədən uca səslə nalayiq söyüşlər söydüyünü, polis əməkdaşlarının onu polis şöbəsinə gətirdiklərini, xəstəxanaya apararaq onu tibbi müayinədən keçirdiklərini, etdiyi hərəkətlərdən peşman olduğunu bildirərək bağışlanmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin polis nəfəri Şahid izahatında 23 aprel 2024-cü il tarixdə saat 23:15 radələrində Kəngərli rayon Xok kənd ərazisində xidmət apararkən Xok kənd sakini Şəxs öz evlərinin yaxınlığında küçədə içkili vəziyyətdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozduğunu gördüyünü, onun içkili vəziyyətdə olduğunu, ünvansız söyüşlər söydüyünü, Kəngərli Rayon Polis Şöbəsinə zəng edərək əməliyyat qrupunu çağırdığını və polislərin gələrək Şəxsı Polis Şöbəsinə apardıqlarını bildirdi. İş materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 23 aprel 2024-cü il tarixli 94 nömrəli protokola əsasən Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 24 aprel 2024-cü il tarixli 0528 nömrəli “inzibati qaydada tutma haqqında” protokola əsasən Şəxs 24 aprel 2024-cü il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 24 aprel 2024-cü il tarixdən saat 00:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48- 51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 24 aprel 2024-cü il tarixdən saat 00:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar