Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-18/2025 18.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, şikayət verən "xxxx" MMC-nin direktoru X6 və qərarından şikayət verilən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin direktoru X11 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" MMC-nin direktoru X11 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi, "xxxx" MMCnin direktoru X11 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(078)-140/2025 nömrəli qərardadına əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Reges”) vəzifəli şəxsi X12 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti (bundan sonra “DƏMX”) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6. maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 fevral 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti otaraq tətbiq edilməsi haqqında” Qərar ilə (bundan sonra “Qərar”) barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir və həmin Qərar “Reges”in ünvanına xx/xx/2025-ci il tarixdə daxil olmuşdur (Qoşma 1: “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx/xx/2025-ci il tarixli MN ******* nömrəli Qərar və çatdırılmanı təsdiq edən Azərpoçtdan çıxarış və zərfin surəti) Həmin Qərara əsasən, “Reges”in direktoru Kamal Kərimov İXM 192.6. maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1600 (min altı yüz) manat inzibati cərimə növündə inzibati tənbeh şərti olaraq tətbiq edilmişdir (inzibati hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müəyyən edilmişdir). İnzibati tənbehin tətbiq olunmasına əsas kimi həmin Qərarda qeyd edilir ki, vətəndaş V.H Qənbərovun ərizəsi əsasında “X13 qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi müəyyən edilmişdir. Əmək qanunvericiliyin tələblərinin pozulması izahata istinad verilərək protokolda (Qoşma 2: “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar xx/xx/2025-ci il tarixli, MX ******* nömrəli Qərarın qəbul edilməsinə əsas olmuş xx/xx/2025ci il tarixli, MN 210626 nömrəli Protokolun surəti) əsas kimi DƏMX Əmək Məcəlləsinin 75ci maddəsinin İİ hissəsinin “ç” bəndinin xüsusi olaraq qeyd edilməməsi rəhbər tutulub. Tərəflər arasında tərtib edilmiş xx/xx/2018-ci il tarixli Əmək Müqaviləsinin 95-ci maddəsində qeyd edilir ki, X13 Məcəlləsinin 68. 69. 70. 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər (Qoşma 3: xx/xx/2018-ci il tarixli Əmək Müqaviləsinin surəti). Nəzərinizə çatdıraq ki, qeyd edilən müqavilə forması Əmək Məcəlləsinin Əlavələrində nəzərdə tutulmuş formada tərtib edilmişdir. Həmçinin, müqavilənin tərtibatı Əmək və X16 (ƏMAS) vasitəsilə sistemə daxil edilmiş, qanunvericiliyin və sistemin mövcud tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Əmək müqaviləsində 75-ci maddəyə birbaşa istinad verilməsinə baxmayaraq, DƏMX həmin halın ayrıca qeyd edilməli olduğunu bildirir. X10 açıq formada həmin normaya bütövlükdə istinad verilmiş, dolayısı ilə 75-ci maddənin İİ hissəsində qeyd edilən bütün halları ehtiva etmişdir. Həmçinin 75.1. maddədə bildirilir ki, Tərəflər əmək müqaviləsi bağlanarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Bildirək ki, əmək müqaviləsində əlavə halların qeyd edilməsi zəurəti olmadığı üçün bunlar qeyd edilməmişdir. Lakin birbaşa 75-ci maddəyə istinad verilməklə İİ hissədə nəzərdə tutulan həmin halların əmək münasibətlərinə tətbiq edilməli olduğu və xitam verilərkən həmin maddənin tələblərinə əməl edilməklə ləğv edilməsi onsuz da Əmək Müqaviləsində qeyd edilmişdir. Əmək Məcəlləsində nəzərdə tutulan bütün normativ tələblərin hamısının əmək müqaviləsinə daxil edilməsi mümkünsüzdür. İşçi əmək qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmiş və məzuniyyət ödənişləri işçinin hesabına ödənilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X11 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. 24 fevral 2025-ci il tarixdə Vahid Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu əsası ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən inzibati xəta törədilməsi barədə inzibati cərimə edilmişdir, qanunvericiliyin tələblərinin pozulması əsası kimi işçi ilə bağlanmış əmək müqaviləsində AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinin birbaşa göstərilməməsi qeyd olunsa da, əmək müqaviləsində 75-ci maddə qeyd edildiyindən bu bütün bəndləri də özündə ehtiva edir, bu səbəbdən də “ç” bəndinin xüsusi olaraq qeyd edilməsi zərurəti yoxdur, işçi qərəzli olaraq işdən çıxarılmamış, AR Əmək Məcəlləsinin 75-ci maddəsinin müqavilədə qeyd olunmasının müqaviləyə xitam verilərkən bu maddəyə əsaslanmaq üçün kifayət etdiyindən tərəfindən hər hansı inzibati xətanın törədilməsinə yol verilməmişdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul olunmuş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında bildirmişdir ki, vətəndaş X8 çalışdığı "xxxx" MMC-də bayram günlərində işə cəlb olunması və əməkhaqqının natamam ödənilməsi şikayəti ilə 25 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmiş, aparılan araşdırma zamanı "xxxx" MMC-yə sorğu məktubu ünvanlanmış, 15 yanvar 2025-ci il tarixdə məlum olmuşdur ki, işçi işdən azad olunmuş, təqdim olunan 16 yanvar 2025-ci il tarixli sənədlərə baxış keçirilərkən tərtib edilən tabel-uçot cədvəlindən müəyyən olunmuşdur ki, X3 bayram günündən bir gün qabaq iş saatı qısaldılmamış və onunla bağlanmış X13 Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndində göstərilmiş “işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə” əsası ilə xitam verilmiş, lakin işçi ilə bağlanmış əmək müqaviləsinin 9-cu maddəsinin 5-ci bəndində tərəflər arasında bu hal ilə bağlı hər hansı bir razılaşmanın olmadığı müəyyən olunmuş, həmçinin işçinin izahatından da görünür ki, X9 Xidmətinə müraciət etdikdən sonra ona təzyiq göstərilib və sonra da işdən çıxarılmış, burada qərəzli işdən çıxarılma halı mövcuddur. AR İXM-in 99.1.1-i maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqına iş üzrə icraata başlamağa səbəbdir. Sistemdə inzibati xətanı aşkar etdikləri anda icraata başlanılmış, cəmiyyətin direktorunun çağırılmasına ehtiyac olmamışdır, bununla da AR Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinin və 108.1-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə bağlı razılaşma olmadığı halda əmək müqaviləsinə bu hala əsaslanaraq xitam verilmiş və nəticədə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Aşkar olunmuş nöqsanlarla bağlı cəmiyyətin nümayəndəsi X4 10 fevral 2025-ci il tarixdə dəvət olunmuş, izahatı alınmış, qanunvericiliyə əsasən tərəflər arasına əmək müqaviləsi bağlanılarkən işçinin əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndi əvvəlcədən razılaşdırılmalı olduğu bildirilmişdir. Aşkar edilmiş pozuntularla bağlı cəmiyyətin direktoru X11 barəsində AR İXM-in 192.4,192.6 və 198.1.5-ci maddələri ilə xx.xx.2025-ci tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol tərtib olunarkən cəmiyyətin nümayəndəsi X2 iştirakı təmin edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, o protokolla tanış olaraq imzalayaraq qəbul etmişdir. Tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən AR İXM-in 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsini 3-cü hissəsinə maddəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməli olduğundan və bu imperativ normaya əməl edilmədiyindən inzibati xəta tərkibi yaranmış və cəmiyyətin direktoru məsuliyyətə cəlb olunmuşdur. Bu səbəbdən şikayət tam əsassızdır və təmin edilməməlidir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən araşdırmanın başlaması X3 əmək hüquqlarının pozulmasına dair X9 Xidmətinə xx.xx.2024-cü il tarixdəki müraciət-ərizəsində qeyd etdiyi hallarla bağlı olmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.4,192.6 və 198.1.5ci maddələri ilə pozuntu aşkar edilmiş, qərarda isə İXM 192.6-cı maddənin pozulması nəticəsində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 01 may 2018-ci il tarixli Əmək müqaviləsinə əsasən X8 həmin tarixdən “X15” MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 23 nömrəli əmrə əsasən X8 ilə "xxxx" MMC-nin direktoru X11 arasında bağlanmış əmək müqaviləsinə “İşin həcminin azalması, 6 ay müddətində işin həcmi artarsa həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlanacağı barədə öhdəlik götürməklə” AR ƏM-nin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Kamal Kərimov tərəfindən "xxxx" MMC-də sürücü işləyən X5 ünvanlanmış məktubdan görünür ki, V.Qənbərova cəmiyyətdə hazırki dövr üçün işin və göstərilən xidmətlərin həcminin azalması səbəbi ilə Müqavilənin 9.1 və Məcəllənin 75.2 ”ç” bəndini rəhbər tutaraq onunla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv etmək niyyətində olduqları, işəgötürən olaraq 6 ay ərzində işlərin çoxalması halında həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlayacaqlarını diqqətinə çatdırılmışdır. Şikayətə əlavə edilən sənədlərdən və qərar qəbul edən orqan tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin 9.1-ci bəndində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunması qeyd edilmişdir. İşçinin işdən azad edilməsi əmrinə nəzər saldıqda aydın olur ki, işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. İşçinin müraciəti əsasında qərar qəbul edən orqanda araşdırma aparılmış və müəyyən edilmişdir ki, işçi işdən çıxma əmrində qeyd edilən maddə xüsusi olaraq əmək müqaviləsində göstərilmədiyindən, iş vaxtından artıq görülən işə görə əmək haqqının düzgün hesablanıb ödənilmədiyindən, işçinin X13 qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi aşkar edilmişdir. Bununla əlaqədar işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4,192.6 və 198.1.5-cı maddələri ilə 14 fevral 2025-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş, daha ciddi tənbeh nəzərdə tutulan İXM-in 192.6-cı maddəsi ilə 25 fevral 2025-ci il tarixdə MN ******* nömrəli qərarla 1600 manat məbləğində cərimə tənbeh növü şərti olaraq tətbiq edilmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, şikayət təmin edilməklə, qərar ləğv edilərək "xxxx" MMC-nin direktoru X6 əməlində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməli və İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-cı maddələrinin tərkibinin olmasına dair işin faktiki hallarının tam araşdırılması məqsədilə qərar qəbul edən orqana qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokolun tərtib edilməsinə əsas vəzifəli şəxsin əməlləri (hərəkət və ya hərəkətsizliyi) olmuşdur. Lakin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru X11 inzibati araşdırmaya cəlb olunmamış, onun izahatı alınmamış, onun yerinə buna səlahiyyəti olmayan hüquqi şəxsin, yəni "xxxx" MMC-nin nümayəndəsi X2 izahatı alınmışdır. Bununla da "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə pozuntu törətməsi tam sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, işəgötürənin barəsində inzibati xətalar qanunvericiliyinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Belə ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi üçün Əmək Məcəlləsinin digər maddələri ilə yanaşı 75-ci maddəsi də sadalanmışdır. İşçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən işdən azad edilmişdir. İnzibati qərar qəbul edən tərəfin nümayəndəsinin arqumenti bundan ibarətdir ki, əmrdə işdən azad edilmə əsası olan Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndi xüsusi olaraq əmək müqaviləsində qeyd edilməli idi. Lakin əmək müqaviləsinə nəzər saldıqda aydın olur ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə münasibətdə bir neçə maddə tam halda hər hansı bənd göstərilmədən sadalanmış, onlardan biri 75-ci maddədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsini nəzərdə tutur. Həmin maddənin 1-ci bəndinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Məhkəmə protokolu tərtib edən orqanın nümayəndəsinin əmək müqaviləsində Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinin göstərilməməsi və bu olmadan əmək müqaviləsinə xitam verilməsinin mümkün olmamasına münasibətdə qeyd edir ki, tərəflərin bağladıqları əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsinin qeyd edilməsi onun bütün bəndlərini ehtiva edir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinin əsas tutulması müqavilədə mütləq və zəruri olaraq həmin bəndi xüsusi qeyd edilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, digər maddələr də tam olaraq qeyd edilmişdir və bu maddələrin hər biri özündə bir neçə bənd və hissəni əks etdirir. Tərəflər əmək müqaviləsini imzalayarkən orada tərəflərin birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi barədə qeyd edilən maddələrlə tanış olub müqaviləni imzalamışdır. Məhz bu əsasla işəgötürən tərəfindən əmək müqaviləsinə işçinin ərizəsi olmadan xitam verilməsi barədə əmr verilərkən hər hansı hüquq pozuntusu olmamışdır. İnzibati protokol tərtib edən orqan işəgötürəni əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilmiş və müvafiq cərimə tətbiq etmişdir. İşəgötürənin əməlində İXM-in 192.6-cı maddəsinin tərkibi olmamışdır, onun barəsində inzibati icraat həmin maddə ilə başlana bilməzdi, başlanmış icraata xitam verilməlidir. Eyni zamanda işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-cı maddələri ilə protokol tərtib edilən zaman kifayət qədər araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.6-cı məddəsinə əsasən, İşçinin X13 qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayanqeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyriəxlaqi əməl başa düşülür. Yuxarıda qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 25 fevral 2025-ci il tarixdə MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı ləğv edilməli, "xxxx" MMC-nin direktoru X6 əməlində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən "xxxx" MMC-nin direktoru X6 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-cı maddələrinin tərkibinin olmasına dair işin faktiki hallarının tam araşdırılması məqsədilə qərar qəbul edən orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şikayət təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 25 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. "xxxx" MMC-nin direktoru X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. "xxxx" MMC-nin direktoru X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri üzrə düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılması üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-18/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-18/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver