Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-20/2025 22.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə1 və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquqi şəxs Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə 07 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Kəngərli rayon Xok kənd ərazisində fəaliyyət göstərən xüsusi ayrılmış tullantı poliqonunda xx.xx.2025-ci il tarixdə cavabdeh hüquqi şəxs Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən tullantılar poliqondan kənar əraziyə daşınıb yerləşdirilmişdir. Bununla da Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında 07 aprel 2025-ci il tarixdə daxil olmuş vətəndaş şikayətləri əsasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin əməkdaşları tərəfindən poliqon ərazisinə baxış keçirildiyini və tullantıların poliqonda ayrılmış və xüsusi çəpərlənmiş ərazidən kənarda yerləşdiirlməsi faktının aşkar edildiyini, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi X4, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə1 və xidmətin digər əməkdaşlarının iştirakı ilə poliqon ərazisinə baxış keçirilərək bu barədə akt tərtib olunduğunu, daha sonra Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə1 Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə dəvət edilərək izahatının alındığını, onun tərəfindən tullantıların poliqon ərazisindən kənarda yerləşdirilməsi faktının təsdiq edildiyini, həmin gün onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib olunduğu və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün inzibati xəta haqqında materialların Kəngərli Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə1 izahatında onun iştirakı ilə poliqon ərazisinə baxış keçirildiyini və bu barədə akt tərtib olunduğunu, tərtib olunmuş sənədlərə özünün imza etdiyini və inzibati xəta haqqında protokola etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 xidməti Ətraf Mühit və Təbii Ehtiyatlardan istifadəyə nəzarət xidmətinin aparıcı məsləhətçiləri Məmmədov Ayxan, Həsənov Elmar, Musalı Ərkan, baş məsləhətçisi Seyidov Mirnağı və Kəngərli Rayon KMKnın direktoru Nümayəndə1 iştirakı ilə 07 aprel 2025-ci il tarixdə Kəngərli rayon Xok kəndində tərtib olunmuş aktdan məhkəmə baxışında tədqiq olunmuş video görüntüdən görünür ki, yuxarıda göstərilən şəxslərin iştirakı ilə Kəngərli Rayon Xok kəndində yerləşən məişət tullantı poliqonuna baxış keçirilmiş, keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, tullantı poliqonunda tullantılar basdırılmamış, tullantılar poliqon çəpərindən kənarda qalaqlanmış və yerləşdirilmişdir. Tullantılar düzgün idarə olunmamış və AR Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarının tələbləri pozulmuşdur. AR Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarının 7.1-ci bəndinə Bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. 07 aprel 2025-ci il tarixdə Kəngərli rayon Xok kəndində tərtib olunmuş aktdan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə tərtib olunmuş 07 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və görünür ki, xx.xx.2025-ci il tarixdə Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən AR Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarının tələblərinin pozulması faktı aşkar edilmiş, Kəngərli rayon ərazisindən toplanmış məişət tullantıları xüsusi ayrılmış əraziyə daşınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinindən çıxarışa əsasən Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı ********** VÖEN nömrəsi ilə hüquqi şəxs kimi qeydiyyatdadır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.4- 1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 266.4-1-ci maddəsinə əsasən məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-20/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-20/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver