Məhkəmə qərarları › İş №3(111)-23/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-23/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-23/2024 24.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X2 iştirakı ilə, 08 noyabr 1981-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 14 may 2024-cü il tarixli 18000-01505/24 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 11:56-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixdə verilmiş U35910706 nömrəli pasportun xarici sahibi, xx.xx.1981-ci il təvəllüdlü Şəxs idarə etdiyi 04AAT919/04AAP138 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində video çəkiliş aparmaqla yoxlanılmış, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 04AAT919/04AAP138 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat kabinin sol tərəfində yerləşən dolabdan 70 qutu (1400 ədəd) üzərində “Winston” yazısı olan, 66 qutu (1320 ədəd) üzərində “Kent” yazısı olan, 97 qutu (1940 ədəd) üzərində “Pall Mall” yazısı olan, kabinin sağ tərəfində yerləşən dolabdan 163 qutu (3260 ədəd) üzərində “Pall Mall GB Fıt” yazısı olan siqaretlər aşkar edilmişdir. Kabinin içərisində aparılan yoxlamada isə idarəetmə panelinin orta aşağı hissəsində yerləşən siyirmənin arxasındakı boşluqdan 107 qutu (2140 ədəd) üzərində “Cavallo” yazısı olan, kabinin divarının sürücü oturacağı tərəfdən yuxarı hissəsində yerləşən səs gücləndiricinin arxa tərəfindəki boşluqdan isə 2 qutu (40 ədəd) üzərində “Pall Mall” yazısı olan siqaret və 1 ədəd qara rəngli sellofan paketin içərisindən 21 ədəd sellofan paketlər ilə birlikdə çəkisi 83,587 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra aşkar olunmuş sellofan paketlər ilə birlikdə çəkisi 83,587 qram olan yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlələr və ümumi sayı 505 qutu (10100 ədəd) olan siqaretlər gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçərkən idarə etdiyi 04AAT919/04AAP138 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində “Şahtaxtı” gömrük postunda gömrük əməkdaşları tərəfindən yoxlama aparıldığını, yoxlama zamanı nəqliyyat kabinin sol tərəfində yerləşən dolabdan, kabinin sağ tərəfində yerləşən dolabdan və Kabinin içərisində idarəetmə panelinin orta aşağı hissəsində yerləşən siyirmənin arxasındakı boşluqdan, kabinin divarının sürücü oturacağı tərəfdən yuxarı hissəsində yerləşən səs gücləndiricinin arxa tərəfindəki boşluqdan İranın Poldəşt şəhərindən istifadəsi üçün aldığı müxtəlif marka olmaqla ümumi 505 qutu siqaretin aşkarlanaraq götürüldüyünü, etdiyi bu hərəkətlərdən peşman olduğunu bildirərək bağışlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 izahatında göstərilən xx.xx.2024-cü il tarixdə “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Türkiyə Respulikasına məxsus 04AAT919/04AAP138 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü Şəxs onun idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlanış edəcəyini, onun üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan edilməli və ya qanunla qadağan olunmuş nəyinsə olub-olmamasını soruşmuş, yoxlama zamanı həmin kabinin sol və sağ tərəfində yerləşən dolablardan, idarəetmə panelinin orta aşağı hissəsində yerləşən siyirmənin arxasındakı boşluqdan, idarəetmə panelinin orta aşağı hissəsində yerləşən siyirmənin arxasındakı boşluqdan ümumilikdə 505 qutu (10100 ədəd) müxtəlif markalar siqaretlər aşkar edildiyini, səs gücləndiricinin arxa tərəfindəki boşluqdan həmçinin 1 ədəd qara rəngli sellofan paketin içərisindən 21 ədəd sellofan paketdə kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edildiyini və protokol əsasında götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid2 izahatında Şahid1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərlə və inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:56-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından yüksüz gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixdə verilmiş U35910706 nömrəli pasportun xarici sahibi, xx.xx.1981-ci il təvəllüdlü Şəxs idarə etdiyi 04AAT919/04AAP138 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində video çəkiliş aparmaqla yoxlanılmış, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 04AAT919/04AAP138 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat kabinin sol tərəfində yerləşən dolabdan 70 qutu (1400 ədəd) üzərində “Winston” yazısı olan, 66 qutu (1320 ədəd) üzərində “Kent” yazısı olan, 97 qutu (1940 ədəd) üzərində “Pall Mall” yazısı olan, kabinin sağ tərəfində yerləşən dolabdan 163 qutu (3260 ədəd) üzərində “Pall Mall GB Fıt” yazısı olan siqaretlər aşkar edilmişdir. Kabinin içərisində aparılan yoxlamada isə idarəetmə panelinin orta aşağı hissəsində yerləşən siyirmənin arxasındakı boşluqdan 107 qutu (2140 ədəd) üzərində “Cavallo” yazısı olan, kabinin divarının sürücü oturacağı tərəfdən yuxarı hissəsində yerləşən səs gücləndiricinin arxa tərəfindəki boşluqdan isə 2 qutu ( 40 ədəd) üzərində “Pall Mall” yazısı olan siqaret və 1 ədəd qara rəngli sellofan paketin içərisindən 21 ədəd sellofan paketlər ilə birlikdə çəkisi 83,587 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra aşkar olunmuş sellofan paketlər ilə birlikdə çəkisi 83,587 qram olan yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlələr və ümumi sayı 505 qutu (10100 ədəd) olan siqaretlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş və eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin xüsusatla bağlı materiallar ayrılaraq araşdırılması üçün Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli 3-16-16/2-7/315-9/1491 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda tütün məmulatlarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1146 manat müəyyən edilir. İş materiallarında olan 14 may 2024-cü il tarixli, 3-33-1200/2-001586/2024 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi ümumi sayı 505 qutu (10100 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretləri gömrük nəzarətindən gizlətməklə keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək və inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 505 qutu (10100 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 505 qutu (10100 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar