Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-27/2024 31.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Babək rayon Xıncab kəndində doğulmuş, subay, işsiz, Kəngərli rayon Xıncab kəndində qeydiyyatda olan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 31 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 30 may 2024-cü il tarixdə saat 21 radələrində Kəngərli rayonunun Xıncab kəndində yerləşən kafedə sərxoş vəziyyətdə nalayiq hərəkətlər edib, ictimai qaydanı pozaraq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 30 may 2024-cü il tarixdə bacısı oğlunun ad günündə spirtli içki qəbul etdiyini, axşam saatlarında evdə kənd mərkəzinə gələrək Xıncab kəndində yerləşən çayçıya getdiyini, çayçını işlədən Allahverdidən pivə istədiyini, Allahverdinin də ona pivə vermədiyini, sərxoş olduğuna görə əsəbiləşib ucadan səs-küy salaraq nalayiq söyüşlər etdiyini, polis işçisinin ona yaxınlaşaraq nizam-intizama dəvət etdiklərini, lakin içkili olduğundan və özünü bilmədiyindən etdiyi hərəkətlərdən bixəbər olduğunu, polisin qanuni tələblərinə tabe olmadığını, sonra polis əməkdaşlarının onu polis şöbəsinə gətirdiklərini, hərəkətlərindən çox peşman olduğunu bildirərək bağışlanmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən X2 izahatında Xıncab kəndində kafe-çayçı işlətdiyini, 30 may 2024-cü il tarixdə saat 21:00 radələrində Xıncab kənd sakini Şəxs sərxoş vəziyyətdə çayçıya gəldiyini və pivə istədiyini, Qaryağdının əvvəlki borcunu vermədiyinə və valideynlərinin də narazılıq etdiyinə görə ona pivə vermədiyini, bundan sonra Qaryağdının ucadan səs-küy salaraq nalayiq hərəkətlər etdiyini, həmin vaxt kafedə çoxlu adamın olduğunu, onlara qarşı da nalayiq hərəkətlər etdiyini, nalayiq sözlər işlətdiyini, sonra polis sahə rəisinin oraya gəldiyini və Qaryağdıya yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin Qaryağdının polisin tələbinə tabe olmayaraq öz hərəkətlərini yenə də davam etdirdiyini, sonra isə polis əməkdaşları çağırılaraq onu polis şöbəsinə apardıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin sahə rəisi X3 izahatında 30 may 2024-cü il tarixdə axşam saat 21:00 radələrində Xıncab kəndində xidməti vəzifəsini yerinə yetirdiyini, Xıncab kəndində yerləşən kafenin yaxınlığında olduğunu, bu zaman Xıncab kənd sakini Qaryağdı adlı şəxsin kafenin sahibi Allahverdi ilə mübahisə etdiyini, kafedə ucadan səs-küy salaraq və ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu gördüyünü, ona yaxınlaşaraq nizam-intizama dəvət etdiyini, lakin Qaryağdının içkili olduğundan onun qanuni tələbinə qəsdən tabe olmadığını və öz hərəkətlərini davam etdirdiyini, ona görə də polis şöbəsinə məlumat verərək digər polis əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirdiklərini bildirdi. İş materiallarında olan Kəngərli Rayon Mərkəzi Xəstəxanasının 30 may 2024-cü il tarixli 120 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs orta ağır dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan AZN 0356 nömrəli “İnzibati qaydada tutma protokolu”ndan görünür ki, Şəxs 30 may 2024-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi hesab edilir. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi hesab edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan yeməkxanada, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsi və inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbs olunma müddətinin əvvəli inzibati qaydada tutulduğu 30 may 2024-cü il tarixdən saat 23:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 30 may 2024-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-27/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-27/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver